Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmələr arasında kikboksinq üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin tədbirlər planına daxil olan və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışın açılışında çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov yarışın keçirilmə məqsədi haqda məlumat verib. Daha sonra Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb.
Yarışda 8 çəki dərəcəsində 60-a yaxın idmançı birincilik uğrunda mübarizə aparıb. Yarışın nəticələrinə görə, İsmayıl Yaqubov (30 kiloqram), Anar Tarverdiyev (36 kiloqram), Fərman Rzayev (39 kiloqram), Əbülfəz Rəcəbli (45 kiloqram), Bəbir Cəfərov (48 kiloqram), Araz Hüseynzadə (51 kiloqram), Əhməd Cəfərov (54 kiloqram) və Mətin Zalov (+67 kiloqram) bütün rəqiblərini üstələyərək yarışın qalibi olublar.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutmuş idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Ceyhun MƏMMƏDOV