Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən idman obyektlərində dezinfeksiya işləri aparılıb.
Mərkəzin baş həkimi Oruc Əliyev bizimlə söhbətdə bildirdi ki, bu proses mütəmadi olaraq həyata keçirilir. Hər ay idman obyektləri, zalları dezinfeksiya olunur. Bu işlər tək Naxçıvan şəhərində yox, muxtar respublikanın bütün rayonlarında aparılır.
Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirdi ki, nazirlik idmançıların sağlamlığı üçün hər ay bu işləri görür.
Dünən dezinfeksiya işləri Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində və İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində aparılıb. Gələn həftə dərmanlama işləri Şərur Olimpiya-İdman Kompleksində və digər idman məktəblərində davam etdiriləcək.

Ceyhun MƏMMƏDOV