Futbol üzrə Topaz Premyer-Liqasının 5-ci turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası bu gün doğma arenada “İnter” futbol komandasını qəbul edəcək. Artıq qırmızı-ağlar oyunun hazırlıqlarına yekun vurub və oyunun başlama vaxtını gözləyir. Komandamızın heyətində zədəli futbolçuların olması komandanın baş məşqçisi Əsgər Abdulla­yevi qayğılandırır. Belə ki, Hüseyn Axundovun oyunundan bir aydan çoxdur, yararlana bilməyən baş məşqçi bu görüşdə aparıcı futbolçu Tərlan Xəlilovun da xidmətindən məhrum olub. T.Xəlilov ötən gün keçirilən məşq zamanı zədələnib və onun 2 həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Artıq rəqib “İnter” futbol komandası Naxçıvana gəlib və oyunun keçiriləcəyi stadionda son məşqini keçirib.
Oyunu idarə edəcək hakimlərə gəlincə, baş hakim kimi meydana Elvin Əsgərov çıxacaq. Ona Knyaz Əmiraslanov və Yaşar Abbasov köməklik edəcək. 4-cü hakim funksiyasını isə Teymur Fərhadov yerinə yetirəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan”-“İnter” oyunu bu gün saat 1730-da Naxçıvan Muxtar Respublika Stadionunda oynanılacaq.

Ceyhun MƏMMƏDOV