“İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”. Ümummilli lider Heydər Əliyevin dediyi bu sözlər idmançılarımızın yaddaşında dərin iz buraxıb.

Ulu öndərimiz idman haqqında demişdir: “İdman, bədən tərbiyəsi müstəqil Azərbaycanın həyatında dövlət qayğısı ilə əhatə olunaraq, eyni zamanda həm gənclər üçün, həm də bütün cəmiyyətimiz üçün zəruri bir sahəyə çevrilibdir. Güman edirəm ki, bu dönüş, yəni bu hadisə gələcək üçün çox gözəl əsasdır və bizim millətimizin, xalqımızın fiziki sağlamlığı üçün, təkcə fiziki sağlamlığı deyil, zehni sağlamlığı üçün, sağlam gənc nəsil yetirməsi üçün çox gözəl əsasdır və biz hamımız bu sahəni bundan sonra daha da inkişaf etdirməliyik”.

Ölkəmizdə idmana göstərilən qayğı cəmiyyətimiz üçün idmançı yetişdirməklə yanaşı, həm də gələcək nəslin sağlam böyüməsində başlıca amildir. Naxçıvan Muxtar Respublikasında da idmana böyük maraq müşahidə olunmaqdadır. Təbii ki, bunun səbəbi muxtar respublika rəhbərinin idman sahəsinə xüsusi diqqət ayırmasıdır. Naxçıvan Muxtar Respublikasında geniş vüsət alan idman növlərindən biri atıcılıqdır.
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası cari ildə gördüyü işlərlə gəncləri və yeniyetmələri bu sahəyə daha çox cəlb etməyi bacarıb. Federasiyanın sədr müavini Fərhad Əliyev bizimlə söhbətində ilk olaraq 2014-cü ilin ilk 6 ayı ərzində gördükləri işlər barədə məlumat verdi: “Federasiyamızın məqsədi bu sahəni muxtar respublikada geniş yaymaq, gəncləri bu sahəyə yönəltməkdir. Buna görə cari ilin əvvəlindən başlayaraq mütəmadi turnirlər, yarışlar təşkil etmişik. Ötən ilin mart ayından fəaliyyət göstərən Atıcılıq Mərkəzinə gənclərin axını gündən-günə artmaqdadır. Keçirdiyimiz yarışlara gəlincə, bu il fevral ayının 24-də Naxçıvandakı Atıcılıq Mərkəzində 26 Fevral – Xocalı soyqırımına həsr olunmuş məktəblilər arasında peyntbol üzrə Naxçıvan şəhər birinciliyi keçirildi. Bu birincilikdə 24 idmançı 4 komandanın heyətində gərgin idman mübarizəsi aparıb. Aprelin 15-də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş vətəndaşların iştirakı ilə peyntbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyi təşkil olunub. Bu birincilikdə 20 idmançı 5 komandanın heyətində çıxış edib. Elə həmin ayın 22-də mərkəz daha bir birinciliyə ev sahibliyi edib. Belə ki, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə ümumtəhsil məktəbləri arasında muxtar respublika üzrə zona birinciliyi məhz atıcılıq mərkəzində təşkil olunub. Bu birincilikdə 8 komandanın heyətində 40 idmançı iştirak edib. Bu yarışın qalibi olan Şərur şəhər 2 nömrəli tam orta məktəbin komandası 24-28 aprel tarixlərində Mingəçevir şəhərində keçirilən “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Azərbaycan çempionatında iştirak edərək üçüncü yerə layiq görülüb”.
Son olaraq, federasiya Atıcılıq Mərkəzində muxtar respublika turniri keçirib. Fərhad Əliyev bildirdi ki, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iyun ayının 12-də Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib. Turnirdə 30 idmançı hədəfi daha dəqiq nişan almaq üçün mübarizə aparıb.
Sonda Fərhad Əliyev federasiyanın gələcək fəaliyyəti barədə məlumat verdi: “Qarşıdakı aylarda federasiya bir neçə turnir və yarış keçirməyi planlaşdırıb. Məqsəd isə gəncləri, yeniyetmələri bu sahəyə yönləndirməkdir. Deyə bilərəm ki, federasiyanın Atıcılıq Mərkəzinə axın hədsiz dərəcədə çoxdur və bu, bizi sevindirir. Muxtar respublika rəhbərinin idmana xüsusi diqqəti sayəsində gənclərin idmana marağı artıb. Qurulan infrastruktura, göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarıq”.

 Ceyhun MƏMMƏDOV