Futbol üzrə Topaz Premyer-Liqasının 3-cü turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası doğma meydançada Ağdamın “Qarabağ” futbol komandasını qəbul edəcək. İlk iki turda 3 xal toplayan və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan muxtar respublika təmsilçisi bu görüşə ciddi hazırlaşır. Gündə iki dəfə olmaqla məşqlərini davam etdirən qırmızı-ağların heyətində yeganə itki Hüseyn Axund­ovun zədəli olmasıdır. Belə ki, yarımmüdafiəçi həkim müayinəsindən sonra belindəki ağrılara görə bir müddət məşqlərə ara verməli olub.
“Qarabağ” futbol komandası “Araz-Naxçıvan” üçün yad komanda deyil. Azərbaycan çempionatları tarixində Naxçıvan təmsilçisi ağdamlı həmkarları ilə 4 dəfə üz-üzə gəlib. Səfərdə keçirilən hər iki oyunda məğlub olan muxtar respublika təmsilçisi doğma azarkeşləri önündə rəqibinə məğlub olmayıb; hər iki qarşılaşmada “Araz-Naxçıvan” meydanı qalib tərk edib – 2:1, 3:2
Ağdam klubu Avropa Liqasında çıxış etdiyindən onların Naxçıvana gələcəyi vaxt dəqiq məlum deyil. Həmçinin bu amili nəzərə alan Peşəkar Futbol Liqası oyunun tarixini də dəyişərək avqustun 23-dən 24-nə keçirib. Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək görüşün başlama saatı isə 1800-dir.


Ceyhun MƏMMƏDOV