14-15 avqust 2014-cü il tarixlərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində “Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında taekvando üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi birincilikdə 6 çəki dərəcəsində 40 idmançı mübarizə aparıb.
Yarışı Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov açıq elan edib. Gənclər və İdman Nazirliyinin əməkdaşı Tahir Məmmədli və Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev çıxış edərək idmançılara uğurlar arzulayıblar.
Sonra yarışa start verilib. 22, 26, 31, 35, 38 və 42 kiloqram çəki dərəcələrində keçirilən birincilikdə müvafiq olaraq Cavad Rəhimli, Kamal Heydərli, İntiqam Məmmədov, Nicat Əliyev, Elvin Salayev və Mehdi Əhmədzadə qalib olublar.
Sonda qaliblərə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

 Ceyhun MƏMMƏDOV