Topaz Premyer-Liqasında mübarizə aparacaq “Araz-Naxçıvan” futbol komandası yeni mövsümün hazırlıqlarını Türkiyənin Ərzurum şəhərində tamamlayaraq geri qayıdıb. Birhəftəlik təlim-məşq prosesində qırmızı-ağlar gündə iki dəfə məşq etməklə yanaşı, həm də yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar. Çempionatın ilk turunda “Neftçi” futbol komandasını qəbul edəcək muxtar respublika təmsilçisi daha çox əsas heyəti müəyyənləşdirmək üçün yoxlama oyunlarında müxtəlif heyətlərlə meydana çıxdı.

Yoldaşlıq oyunlarında fərqli heyətlər

Təlim-məşq prosesində “Araz-Naxçıvan” futbol komandasının baş məşqçisi Əsgər Abdullayevin əsas məqsədi heyəti komplektləşdirmək, futbolçuların fiziki dözümlülüyünü artırmaq və oyun taktikasını müəyyənləşdirmək idi. Odur ki, Ərzurumda ilk gündən etibarən futbolçularla kollektiv şəkildə çalışmaqla yanaşı, fərdi halda da onlarla yaxından maraqlanırdı.

 Məqsədin əsas heyəti müəyyənləşdirmək olduğunu nəzərə alsaq, “Araz-Naxçıvan”ın keçirdiyi ilk iki yoxlama görüşünü qənaətbəxş hesab etmək olar. Türkiyə futbolunda öz dəst-xətti ilə seçilən “Samsunspor” və “Tarsus İdman Yurdu” ilə qarşılaşmalarda Əsgər Abdullayev matçların ilk yarısında meydana əsas heyəti buraxmaqla rəqibdən üstün olduğunu göstərdi. Görüşlərin ikinci hissələrində isə, əsasən, gənc və yeni futbolçulara üstünlük verən Ə.Abdullayevin taktiki sxemləri dəyişdirdiyi diqqətdən yayınmırdı. 

Sonuncu – üçünçü yoxlama görüşündə isə “Araz-Naxçıvan”ın rəqibi Türkiyənin 20 yaşlılardan ibarət “Anadolu karması” futbol komandası oldu. İki görüşün nəticəsindən asılı olmayaraq, baş məşqçi heyəti müəyyənləşdirərək ilk hissədə gənc oyunçuları meydana buraxdı və əsas heyəti ehtiyatda saxladı. Görüşə rəqib üstün başlasa da, hesabı açan tərəf muxtar respublika təmsilçisi oldu. Sağ cinahdan başlayan hücumu Tərlan Xəlilov məntiqi sonluqla yekunlaşdırdı – 1:0. Bundan sonra komandamız bir neçə epizodda hesabı artırmağa yaxın olsa da, rəqib qapıçı buna imkan yaratmadı.
İkinci hissədə Əsgər Abdullayev heyəti tam olaraq dəyişdirdi və əsas futbolçuları meydana buraxdı. Həmçinin oyun taktikasında da dəyişikliyə üstünlük verən baş məşqçi daha çox hücum futbolu oynatdı. Bunun nəticəsi kimi rəqibi əks-hücumda yaxalayan qırmızı-ağlar hesab arasındakı fərqi ikiyə yüksəltdilər. Lakin muxtar respublika təmsilçisi qarşısında yenilmək istəməyən “Anadolu karması” cərimə zərbəsindən sonra komandamızı mərkəzə dəvət etdi – 2:1. Qoldan ruhlanan rəqib ardıcıl olaraq qapımız qarşısında təhlükəli vəziyyətlər yaratsa da, dəri əlcək sahibi Elçin Sadıq­ov topun qapı xəttindən keçməsinə imkan vermədi. Əvəzində qırmızı-ağlar türkiyəli həmkarlarını yenidən mərkəzə dəvət etdilər. Sürətli hücum təşkil edən “Araz-Naxçıvan” David Canıyevlə yenidən tablodakı hesabı dəyişdi – 3:1. Bu, matçda vurulan sonuncu qol olmadı. Belə ki, hücumçumuz cari mövsümün əvvəlində ilk üçlüsünə imza atmaqla komandamızın qələbəsində müstəsna rol oynadı – 4:1. Rəqibin səylərinə baxmayaraq, oyunda başqa qol olmadı və “Araz-Naxçıvan” futbol komandası Ərzurumdan qələbə ilə ayrıldı.

 Ceyhun MƏMMƏDOV