5-8 iyul tarixlərində Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş ağır atletika üzrə veteranlar arasında dünya kuboku uğrunda yarış keçirilib. Yarışda 23 ölkənin 170 idmançısı mübarizə aparıb. Naxçıvanın qədim tarixi abidələri, muzeyləri, gəzməli və görməli yerləri qonaq idmançılarda xoş təəssüratlar yaradıb. Həmsöhbət olduğumuz veteran idmançılar bunu bir daha təsdiq etdilər:
Lev Nikiforov (Rusiya): – Uzun illərdir, bu idman növü ilə məşğulam və dünyanın bir çox şəhərində olmuşam. Naxçıvan digərlərindən çox fərqlidir. İlk olaraq onu qeyd edim ki, şəhəriniz çox təmizdir. Bura gəldiyim gün şəhərdə gəzmək imkanım oldu. Gördüyüm yerlər məndə xoş təəssürat yaratdı. Yarışın təşkilatçılığına gəlincə, hər şey əladır. Biz veteran idmançılar bu idman növü üzrə keçirilən yarışlardan xüsusi zövq alırıq, istirahət edirik. Bu işdə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Onlar bizim istirahətimizi çox yaxşı təmin ediblər. Bir də Naxçıvanda yenidən çempion olmağım sevindiricidir.

 


Natiq Ağayev (Veteran Ağır Atletlər İctimai Birliyinin prezidenti, təşkilatçı): Bu yarışın təşkil edilməsində bizə dəstək olan muxtar respublika rəhbərinə minnətdarlığımızı bildiririk. Burda idmançıların qarşılanması çox yüksək səviyyədə oldu. Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi idmançılar üçün ekskursiya təşkil etdi. Bütün qonaqlar yarışın gedişatından, təşkilatçılıqdan və yarışa ev sahibliyi edən Naxçıvandan çox razıdırlar. Bu artıq Azərbaycanda təşkil edilən ikinci böyük yarışdır. Analoji turnir 2 il öncə Lənkəranda keçirilmişdi. Hazırda turnirdə çıxış edən idmançıların hər biri fərqli sahənin insanlarıdır. Onların arasında həkim, polis, bənna, sürücü kimi fəaliyyət göstərənlər var. Veteran idmançılar Naxçıvanı gəziblər və müzakirələrindən də məlum olur ki, buranı çox bəyəniblər.


Kurt Ruzenberger (Almaniya): – Təşkilatçılıq yüksək səviyyədədir. Hər şey sanki bizim istəyimizlə hazırlanıb. Uzun illərdir, bu idmanla məşğulam. Atam və babam da peşəkar idmançılar olublar. Turnirin, deyəsən, ən yaşlı idmançısı elə mənəm (Kurt Ruzenberger turnirin ən yaşlı idmançısı kimi tarixə düşdü: 86 yaş – C.M.). Buna baxmayaraq, mübarizə aparmağı sevirəm. Şəhəriniz çox təmizdir. Belə şəhərlərə mən çox nadir hallarda rast gəlirəm. Avropanın bir çox inkişaf etmiş şəhərindən səliqəlidir. Məni daha çox valeh edən isə buranın sakitliyidir. Biz veteranlar üçün əsas olan da elə sakitçilikdir.


Nina Maqomedova (Yunanıstan): – İlk olaraq, yarışı bu cür təşkil edənlərə, bizi burda mükəmməl qarşılayanlara minnətdarlığımı bildirirəm. Hər şey fərqlidir – insanları, həyat tərzi, küçələri. Elə bizə münasibət də çox fərqlidir. Burda azarkeşlərin hər zaman bizi dəstəkləməsi məni çox sevindirdi. Etiraf edim ki, hər zaman səhnəyə çıxarkən onların alqışları məni ruhlandırırdı və çempion olmağımda tamaşaçıların da rolu böyükdür.


Yan Hinriksen (İsveç): – Yarış iştirakçıları təşkilatçılıqla bağlı mənimlə eyni fikirdə olarlar: hər şey əladır, mükəmməldir. İştirakçılar sanki burda istirahət edirlər, onlar üçün hər bir şərait yaradılıb. İlk dəfədir, Naxçıvanda oluram və fərqli bir yerə gəldiyimi düşünürəm. Şəhəriniz təmiz olduğu qədər də gözəldir. Kaş bizim də belə sakit və gözəl şəhərdə yaşamaq şansımız olardı.


Sabina Rzayeva (Azərbaycan): – Yarış əla təşkil olunub. Bura gələn qonaqlar da bizimlə söhbətində bu fikirdə olduqlarını deyirlər. Hər gün azərbaycanlı idmançılar mübarizə apardığına görə onların çıxışlarına baxırdıq və buna görə şəhəri çox gəzmək imkanımız olmayıb. Yarışdan sonra axşamlar az da olsa, gəzintiyə çıxırdıq. Naxçıvanın təmizliyi, gözəlliyi bizi çox heyrətləndirdi. Yarışı belə mükəmməl təşkil etdiklərinə, bizi burda gözəl qarşıladıqlarına görə aidiyyəti qurumlara minnətdarlığımızı bildiririk.

 Ceyhun MƏMMƏDOV