İyulun 5-də Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş ağır atletika üzrə veteranlar arasında dünya kuboku uğrunda yarışın açılış mərasimi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, qədim və zəngin tarixə malik olan Azərbaycanda idman milli-mədəni dəyərlərimizin ayrılmaz hissəsini təşkil edir. Yurdumuzun idman ənənələrinin minillik tarixi, böyük inkişaf yolu vardır. “Hər bir cəmiyyətin həyatında idmanın çox böyük rolu vardır. İdman həm ölkənin şöhrətini ucaldan, həm də insanların fiziki cəhətdən sağlamlığına xidmət edən sahədir”, – deyən nazir qeyd edib ki, bu reallığın düzgün dəyərləndirildiyi ölkəmizdə idmanın inkişafı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasəti bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bildirilib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı diqqət mərkəzindədir. Muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində muxtar respublikada yeni idman infrastrukturları yaradılıb, idmanın maddi-texniki bazası gücləndirilib. Məhz bunun nəticəsidir ki, muxtar respublika idmançıları mötəbər yarışlarda müntəzəm olaraq iştirak edir və Azərbaycanın idman şərəfini layiqincə qoruyurlar.
Qeyd olunub ki, digər idman növləri kimi, ağırlıqqaldırma üzrə idman növünün də muxtar respublikada inkişafı diqqət mərkəzində saxlanılır. Mövcud infrastruktur ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandalarının muxtar respublikamızda təlim-məşq toplanışı keçmələrinə imkan verir.
Sonra Ümumdünya Veteran Ağır Atletlər Federasiyasının prezidenti Bill Barton çıxış edərək bildirib ki, bu gün Naxçıvanda idman bayramıdır. Çünki dünyanın ən güclü veteran ağır atletləri bura cəmləşiblər. İlk olaraq, yaradılan şəraitə və qonaqlara göstərilən diqqətə görə minnətdarlığımızı bildiririk. Dünya kuboku yarışı idmançıların xatirələrində yaşayacaq və inanıram ki, onlar burda qazandıqları titulu heç vaxt unutmayacaqlar.
Yarışın açılış mərasiminin rəsmi hissəsindən sonra Naxçıvan Dövlət Filarmoniyasının rəsq qrupunun çıxışı və ifa edilən mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
23 ölkədən (Azərbaycan, Rusiya, Ukrayna, Almaniya, İsrail, İran, Yaponiya, Belarus, Livan, Qazaxıstan, İsveç, Monqolustan, Yunanıstan, Böyük Britaniya, Özbəkistan, Avstraliya, Hollandiya, İtaliya, Kipr, ABŞ, Belçika, Qırğızıstan və Latviya) 170 veteran ağır atletin mübarizəyə qatıldığı dünya kuboku uğrunda yarışda kişilər və qadınlar 16 çəki dərəcəsində qüvvələrini sınayırlar. Reqlamentə əsasən, çəki dərəcələri ilə yanaşı, iştirakçıların yaş fərqi də nəzərə alınır. Belə ki, yarışda minimum yaş həddi 35 göstərilib. Bununla yanaşı, onların qaldıracağı ağırlıq minimum 30 kiloqram olmalıdır.
Dünya kubokunun ilk günü maraqlı çıxışlarla yadda qalıb. Yaş və çəki baxımından kişilər arasında Vladimir Jilyayev (Azərbaycan), Lev Nikiforov, Mixael Kazadov, Yuri Medvedyev, Efim Freger, Vasili Zubov, Boris Bostanov, Aleksandr Kumey, Aleksey Şekotovski (Rusiya), Suzuki Yukihiro, Kinya Konno (Yaponiya), Teddi Kaplan (İsrail), Kurt Rozenberger (Almaniya), Petro Bazuçenko və Yevqeni Smaqli (Ukrayna) rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qadınlardan isə Sabina Rzayeva, Xatirə Şahverdi (Azərbaycan), Arena Lima, Kunell Korat (Avstraliya), Suzana Perrone (İtaliya), Smit Sandra, Conn Makmannus (Böyük Britaniya), Vera Dolzenkova, Olqa Piriayeva (Rusiya), Tsend Ayuş, Tserendorj Oyunçimeq (Moqolustan), Nina Moqomadeva (Yunanıstan), Deniss Offermann (Kipr) dünya kubokunun sahibləri olublar.
Yarışın ikinci günündə səhnəyə yalnız veteran kişi atletlər çıxıb. 5 yaş qrupu və müxtəlif çəki dərəcələrində atletlərin bir-birindən baxımlı çıxışları tamaşaçıların alqışları ilə qarşılanıb. Kişilərin mübarizəsində Akif Əliyev, Miryasin Ağayev (Azərbaycan), Yan Hinriksen (İsveç), Vitali Tereşko, Mirzamaqommed Amirtanov, Aleksandr Çirkov, Aleksandr Xaritonov, Aleksandr Herasimoviç, Alimoqammed İziyev, Mixail Bezperstoy, Mars Minanqal, Stanislav Kosorukov, Abu Cavadov, İqor Medvedyev, Dmitri Kozemoy (Rusiya), Behruz Behmand, Reza Rudsari, Abdullah Fatemirka, Cəmşid Nejad Mosala, Taği Sadeqimaryani (İran), Yoiçi Yamada (Yaponiya), Qoran Vukoyeviç (Avstraliya), Old Deqenars (Hollandiya) öz yaş qrupu və çəki dərəcələrində yarışın qalibləri olublar.
Qeyd edək ki, bu gün yarışın son mərhələsi keçiriləcək.

Ceyhun MƏMMƏDOV