Naxçıvan şahmatçıları beynəlxalq turnirlərdə uğurlu çıxışları ilə yenə hamının diqqətini cəlb ediblər. Belə ki, 25-29 may tarixlərində Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində keçirilən beynəlxalq yarışda Azərbaycan komandasının tərkibində iki naxçıvanlı şahmatçı – Nazlı Hümbətova və Zahid Allahverdiyev iştirak ediblər. 7 yaşlı uşaqlar arasında mübarizə aparan Z.Allahverdiyev yarışın qalibi olub.
Bununla yanaşı, 5-9 iyun tarixlərində Türkiyənin Manisa şəhərində keçirilən beynəlxalq turnirdə daha iki şahmatçımız iştirak edib və Elvin Namazlı reytinqsiz şahmatçılar arasında yarışı 3-cü pillədə başa vurub.
1-11 iyun tarixlərində isə Bakı şəhərində keçirilən Azərbaycan çempionatının final mərhələsində 3 zəka sahibimiz qüvvəsini sınayıb. Daha uğurlu təsir bağışlayan Sadiq Məmmədov çempionatı 4-cü yerdə başa vurub.
Qeyd edək ki, 16-27 iyun tarixləri arasında Yunanıstanın Kavala şəhərində məktəblilər arasında Avropa çempionatı keçiriləcək. Muxtar respublikamızı bu çempionatda Naxçıvan Şahmat Mərkəzinin 7 şahmatçısı təmsil edəcək.

Ceyhun MƏMMƏDOV