Mayın 21-də start verilən futbol üzrə 9-cu sinif şagirdlərinin respublika çempionatına yekun vurulub.
Ölkənin 2300 məktəbinin mübarizə apardığı turnirdə Naxçıvan Muxtar Respublikası Şərur şəhərindəki 2 nömrəli tam orta məktəblə təmsil olunub. Belə ki, zona yarışlarının qalibi olan 2 nömrəli tam orta məktəb Bakıda keçirilən final mərhələsinə vəsiqə qazanmışdı. Bu mərhələdə isə şərurlu məktəblilər daha inamla çıxış edərək çempionatda hamının diqqətini cəlb edə biliblər. 16 orta məktəbin mübarizə apardığı çempionatda Şərur komandası baş məşqçi Bilal Nağıyevin rəhbərliyi ilə finalda oynamaq hüququ qazanıb. Rəqib isə Sumqayıt məktəbliləri olub. “Bayıl Arena”da keçirilən final görüşündə şərurlu məktəblilər sumqayıtlı həmkarlarına 0:2 hesabı ilə məğlub olublar və çempionatı ikinci pillədə başa vurublar.

Ceyhun MƏMMƏDOV