Dünən İlham Əliyev adına Olimpiya-İdman Kompleksində daha bir yarışa yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş MMA üzrə Naxçıvan Muxtar Respublika turnirində 40-a yaxın idmançı qüvvəsini sınayıb.

İlk olaraq döyüş rinqi 18 yaşadək olan idmançıların ixtiyarına verilib. 55 kiloqram çəki dərəcəsində Polad Cəlilov bütün rəqiblərinə qalib gələrək turnirin qalibi adını qazanıb. Bu yaş qrupunda Nail Rəhimov (60 kq) və Abbas Əsgərov da (65 kq) eyni uğuru təkrarlayıblar.
18 yaşdan yuxarı mübarizə aparan idmançıların döyüşləri isə daha maraqlı olub. İlham Əliyev adına Olimpiya-İdman Kompleksinə toplaşanlar 65 kiloqramda Rəhman Quliyevin, 68 kiloqramda Seymur İbrahimlinin, 70 kiloqramda Əli Murad­ovun, 72 kiloqramda isə Seymur Süleymanovun inamlı qələbələrinə şahidlik ediblər. Digər çəki dərəcələrində isə Səyyad Məmmədov (77 kq), Cavid Rəcəbli (80 kq), Həsən Abdullayev (82 kq), Fərhad Tanrıverdiyev (85 kq) və Elnur Abdullayev (90 kq) bütün rəqiblərini üstələyərək ilk pillədə qərar tutublar.
Sonda 12 çəki dərəcəsində uğur qazanan idmançılara medal, diplom, kubok və qiymətli hədiyyələr verilib.

Ceyhun MƏMMƏDOV