Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə  həsr olunmuş “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalı davam edir. Dünən festivalın V turunun oyunları keçirilib.
“A” qrupunda ötən turun lideri, qrossmeyster Aleksandr Simonov özü ilə eyni titulu daşıyan Azərbaycan şahmatçısı Rauf Məmmədovla ağ-qara taxtada üz-üzə gəlib. Rauf Məmmədov bu görüşdən yarım xalla  ayrılıb. Ukraynalı Anton Korob­ov ilə gürcüstanlı Luka Paiçadzenin qarşılaşmasında da eyni nəticə əldə olunub. Azərbaycan şahmatçısı Eltac Səfərli gürcü şahmatçı Konstantin Şanavanı məğlub edib. Ötən turun qaliblərindən olan Natalya Jukova Oleq Korneyevə məğlub olub.

Bu turda Naxçıvan şahmatçılarından Ürfan Sevdimalıyev Bakı şahmatçısı Aqil Pirverdiyevlə qarşılaşmada heç-heçə ilə razılaşıb. Digər muxtar respublika idmançısı Talıb Baba­yevin Bakı Şahmat Məktəbinin yetirməsi Günay Məmmədzadə ilə oynadığı oyunun da taleyi eyni olub.
Ümumiyyətlə, bu turdan sonra “A” qrupunda turnirin liderləri olan şahmatçılar arasında göstəricilər nisbəti azalıb. Əgər ötən turda rusiyalı Aleksandr Simonov yarım xalla irəlidə idisə, bu turdan sonra Simonovla eyni göstəriciyə malik olan 4 oyunçu daha var. Boris Savçenko, Oleq Korneyev, Eltac Səfərli və gürcü şahmatçısı Qaioz Niqalidze ötən turlardakı xal fərqini bu turda aradan qaldıra biliblər.
Son turun nəticələrinə görə,  “B” qrupunun ənənəvi favoriti, Ağdam şahmatçısı Fariz Əhməd­ov 5 xalla turnir cədvəlində birinci sırada yer alıb. Muxtar respublika şahmatçılarından Hətəm Kətanov, Kərim Rəhim­ov, Əli Məmmədov, Elvin Namazlı, Rəvan Rəhimov, Həsən Rəhimov beşinci turdan qalib ayrılıblar.
“C” qrupunda isə turnir cədvəlinə Bakı şahmatçısı Kamran Rzazadə liderlik edir. O, rəqib oyunçularla keçirdiyi beş görüşü qalibiyyətlə başa vurub və aktivinə beş xal yazdırıb. Onu 4,5 xalla Xəzər Babazadə, Fərid Məmmədhüseynov, Elmar Atakişiyev və İran şahmatçısı Mani Cahedi izləyir. Bu turda Naxçıvan şahmatçılarından qələbə qazananlar arasında Vüsal Hüseynli, Ümid Məhərrəmli, İlhamə Novruzova, Sevinc Hacıyeva, Rail Məmmədov, Uğur Rəsulzadə, Mətləb Məhərrəmli, Elmir İsmayılov, Fatimə İsmayılova, Zahid Allahverdiyev,  Süleyman Məmmədli, Sadiq Abbasov, Əli Qulamzadə, Siyavuş Bağırov da var.
Qarşıda şahmatçıları daha ciddi mübarizə tələb edən dörd tur gözləyir.

Xəbərlər şöbəsi