Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalının dördüncü turu başa çatıb.
Dördüncü turda “A” qrupunda  ukraynalı şahmatçı  Anton Korobov rusiyalı şahmatçı  Aleksandr Simon­ovla qarşılaşıb. Rəqib şahmatçılar bu turun bəhrəsi olan 1 xalı bölüşməli olublar.  Azərbaycan şahmatçılarından Rauf Məmmədov gürcü Konstantin Şanava ilə, Eltac Səfərli isə rusiyalı şahmatçı Boris Savçenko ilə  görüşdən yarım xalla ayrılıblar. Bu turda Naxçıvan şahmatçısı Ürfan Sevdimalıyev Bakı Şahmat Məktəbinin yetirməsi Aytən Əmrəyeva ilə görüşdən qalib ayrılıb. Muxtar respublika şahmatçılarından Talıb Babayevin bu turdan sonra 1 xalı var. Turnir cədvəlinə hazırda 3,5 xalla Aleksandr Simonov liderlik edir.

Bu turda “B” qrupunda Naxçıvan şahmatçısı Pərviz Qasımov Lənkəran Şahmat Məktəbinin yetirməsi Elnur Əliyevə qalib gəlib. Digər bir muxtar respublika şahmatçısı Nəcəf Kəngərli Moldova şahmatçısı Yevgeni Bodlevi mat edə bilib. Yerli zəka ustalarından Sadiq Məmmədovla Bahaddin Hətəm­ovun qarşılaşması isə birincinin qalibiyyəti ilə nəticələnib. Bu qrupda Şahbuz şahmatçısı Qəndab Cəfərli Lənkəran idmançısı Səbuhi Xosrovovu məğlub edib. Həmyerlimiz Hətəm Kətanov isə Tərtər şahmatçısı Atabəy Əzizbəyliyə qalib gəlib. Qrupda IV turun qalibləri sırasına yerli şahmatçılardan Kamil Rzayev, Tural Zeynal­ov, Araz Bəhramzadə, Həsən Kərimov, Mətin Quluzadə, Orxan Həsənov və başqaları adlarını yazdırıblar. Ümumiyyətlə, IV turdan sonra “B” qrupunda 4 xalı olan 6 idmançı arasında Naxçıvan şahmatçılarından Pərviz Qasımov, Vüsal Abbasov da var.
Son turun nəticələrinə görə, “C” qrupunda Sumqayıt şahmatçısı Rəhim Əliyev və Bakı şahmatçısı Kamran Rzazadə dörd turdan 4 xal əldə edərək turnir cədvəlinə liderlik edirlər.

Səbuhi HÜSEYNOV