Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalının ilk  qarşılaşmalarına dünən Naxçıvan şəhərindəki Şahmat Mərkəzində start verildi. Yarış başlanmazdan əvvəl mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şahmat festivalının baş hakimi Faiq Həsənov yarışın qaydaları haqqında iştirakçılara məlumat verərək onlara uğurlar arzuladı.
Ən yuxarı reytinq əmsalı 1771 olan Azərbaycan şahmatçısı Ayan Allahverdiyevanın yarışdığı “C” qrupunda birinci turdan Naxçıvan təmsilçilərindən Müslüm Əliyev, Sadiq Abbasov, Aqşin Abbaszadə, Əli Zeyniyev və başqaları 1 xalla ayrıla bildilər. “B” qrupunda  Naxçıvan şahmatçılarından Pərviz Qasımov, Sadiq Məmmədov, Adil Sevdimalıyev, Tural Zeynalov, Orxan Həsənov və başqaları ilk turdan xalla ayrılmaq üçün mübarizə apardılar. Qeyd edək ki, digər qruplardan fərqli olaraq, bu qrupda Naxçıvan təmsilçiləri uğurlu çıxış edərək turdan uğurla ayrıla bildilər.

Belə ki, muxtar respublika şahmatçısı Adil Sevdimalıyev Lana Əfəndiyevanı, Tural Zeynalov Rüfət Əmrəliyevi, Orxan Həsənov Bahəddin Hətəmovu, Kamil Rzayev Elvin Namazlını mat edə bildi.
Ağ-qara taxtada ən yüksək reytinq əmsalı 2696  olan zəka ustalarının yarışdığı “A” qrupunda Naxçıvan təmsilçisi Talıb Babayev Ukrayna təmsilçisi Anton Korobova məğlub oldu. Digər bir muxtar respublika şahmatçısı, reytinq əmsalı 2354 olan Ürfan Sevdimalıyev Azərbaycan təmsilçisi, reytinq əmsalı 2660 olan Rauf Məmmədovla görüşdən yarım xalla ayrıldı.  

Səbuhi HÜSEYNOV