Bir çox sənətin atadan övlada keçməsi ölkəmizin dəyişməyən adət-ənənələrindəndir. Övladlar böyüyərək atadan gördüklərini mənimsəyir, onun cızdığı yolu gedir, hətta bəzi məqamlarda onları belə, geridə qoyurlar. Bunun idmana şamil olunması isə son illər özünü qabarıq şəkildə büruzə verməkdədir. Lakin burada bir məqamı, xüsusilə qeyd etmək lazımdır – bu yolda qız övladlarının idmana marağı ələlxüsus vurğulanmalıdır. Ümumiyyətlə, XX əsrin əvvəllərində qızların idmanla məşğul olması dövrün etik prinsiplərinə görə qeyri-mümkün idi. Ancaq zamanın sürətli axarı, tələblərin dəyişməsi bu stereotipi də sürətlə qırılmağa vadar etdi. Nəticədə, bu fikrin yanlış olduğu öz təsdiqini tapdı. Bu gün haqqında bəhs edəcəyimiz idmançımızı hələ çoxları tanımır. 13 yaşlı qəhrəmanımız bəziləri üçün qeyri-ənənəvi növdə çıxış etməsinə baxmayaraq, qarşısına böyük hədəflər qoyub.

 

İdmançı ailəsi

Tanış olaq: Abdullayeva Röya Xəyal qızı. O, 8 oktyabr 2008-ci ildə Naxçıvan şəhərində, idmançı ailəsi mühitində dünyaya gəlib. Atası Xəyal Abdullayev uşaqlıqdan idmanla məşğul olub və bir çox uğura imza atıb. Atasının dediyinə görə, ailədə Röyanın zehni fəaliyyətilə yanaşı, fiziki aktivliyi də həmişə diqqət mərkəzində olub. Atası ilə yanaşı, əmisinin də idmançı olması Röyanın da idmana yönləndirilməsini zərurətə çevirib. Əvvəlcə ilkin məqsəd, sadəcə, sağlamlıq olsa da, zamanla valideynlərin maraqları dəyişir. Qısa vaxt kəsiyində ondakı bacarıqlar özünü büruzə verməyə başlayır.

Niyə məhz idmançı qız?

Atası, eyni zamanda məşqçisi Xəyal Abdullayevlə söhbətimizdə əsas məqam kimi Röyanın idmana marağı diqqətimizi çəkdi: “Bəzən valideynlər uşaqlarını sevdikləri peşədən kənar saxlayırlar. Bu həm uşağa, həm də onun gələcəyinə mənfi təsir göstərir. Hazırda muxtar respublikamızda idmançılara göstərilən diqqət və qayğı göz qabağındadır. Mən qızımın hansı sahəni seçəcəyinə qarışmırdım, seçim onun özünün idi – idmanı seçdi. Uşağa baxdım, boyu, digər göstəriciləri nəzərimi çəkdi. Özü ilə söhbət etdim və yalnız ona “bu işi yarıda qoymayacaqsansa, hər zaman uğur sənin yanında olacaq. Çalış, Vətənini hər yerdə layiqincə təmsil et”, – dedim. Açığı, onun yaşından böyük hərəkətlər etməsi, xarakteri, psixologiyası ürəyimcədir. Məşqlərdə qarşılaşdığı çətinliklərini heç vaxt büruzə vermir. Valideyn kimi yox, bir məşqçi kimi bu məni çox heyrətləndirir, qürurlandırır. Onu gələcəkdə daha yüksək yerlərdə görürəm və inanıram ki, Naxçıvanı, Azərbaycan idmanını dünya arenalarında layiqincə təmsil edəcək”.

Uğura aparan ilk titul...

Uşaqlıqdan döyüş növləri ilə məşğul olan Röya Abdullayeva 2017-ci ildən etibarən yarışlarda, turnirlərdə mübarizə aparmağa başlayıb: “İlk yarışımda həyəcanıma yenilməmək, büruzə verməmək üçün başımı yuxarı qaldırmırdım. Bunu heç kim hiss etməsə də, atam hiss edirdi. Bu yarış mənim üçün çox böyük əhəmiyyət daşıyırdı, çünki uzun zaman idi məşq edirdim və ilk yarışımda qalib gəlmək istəyirdim. Rinqə çıxdığımda bir anlıq hər şeyi unutdum və yalnız rəqibimin hərəkətlərinə adaptasiya oldum. Nəticə istədiyim kimi oldu və MMA üzrə Naxçıvan çempionu adını qazandım”. Bu qələbə Röyanın karyerasında ilk olsa da, davamı daha uğurlu alındı. Ardıcıl olaraq 5 dəfə muxtar respublika çempionatının qalibi olan qəhrəmanımız 2019-cu ildən etibarən ölkə birinciliklərində iştirak etməyə başladı. Elə həmin il pankration və qrapplinq üzrə Açıq Bakı çempionatında qızıl və gümüş medal qazanan Röya bir il sonra kikboksinq üzrə Azərbaycan çempionatının qalibi adını qazanıb. 2021-ci ildə isə o, pankration və qrapplinq üzrə Açıq Bakı çempionatının qalibi olub.

...və dünya çempionluğu

Röya Abdullayevanın cəmi 13 yaşı olsa da, yetərincə adından söz etdirib. Hazırda onun perspektivi olduqca yüksək qiymətləndirilir. Son olaraq qazandığı uğur bunu deməyə vadar edir. Belə ki, Türkiyənin Antalya şəhərində keçirilən universal döyüş üzrə dünya çempionatında qızlar arasında 12-13 yaş kateqoriyasında 47 kiloqram çəki dərəcəsində mübarizə aparan Röya Abdullayeva klassik və layt versiyaları üzrə qalib olaraq 2 qızıl medal qazanıb. Qazanılan bu uğuru daha əhəmiyyətli edən bir məqam var – Röya adını Naxçıvan idmanı tarixinə dünya çempionu olan ilk qız idmançı kimi yazdırmağı bacarıb: “Etiraf edim ki, bu barədə məlumatım yox idi. Əsas məqsədim dünya çempionatından medalla qayıtmaq, uğur qazanmaq idi ki, bunun da öhdəsindən gəldim. Dünya çempionu adını qazanan ilk qız idmançı olmaq isə məsuliyyəti daha da artırır. Bundan sonra daha böyük uğurlar qazanıb, göstərilən etimada layiq olmağa çalışacağam”.

Oyuncağı üçün darıxan Röya

İlk baxışdan fərqli təəssürat yaratsa da, əslində, qəhrəmanımız xarici görünüşcə sakit, təmkinli biridir. Uşaqlıqdan oğlanlarla məşq etsə də, heç vaxt əks cinsin nümayəndələri ilə dava etməyib. Hətta məşqlərə görə sevimli oyuncağını – gəlinciyini bacısına hədiyyə edib. Etiraf edir ki, bəzən oyuncağı üçün darıxır, lakin həftənin 4 günü məşq etdiyindən vaxtı olmur. “Bəs vaxtın olarkən nə edirsən? Hobbin nədir?” suallarına isə belə cavab verir: “Əslində, hobbim yoxdur. Sadəcə, vaxt tapan kimi dərslərimlə məşğul olur, əlavə olaraq kiçik hekayələr oxuyuram”.
Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbin səkkizinci sinfində təhsil alan idmançımız dərslərindən də geri qalmır. Deyir ki, idmançı olmasaydım, böyük ehtimalla dərslərimə daha çox vaxt ayırıb uşaq həkimi və ya dizayner peşəsini seçərdim.
Artıq kiçik yaşlarından dünya çempionluğu tituluna yiyələnən idmançımız bununla kifayətlənmək fikrində deyil. Təbii ki, qazanılan bu uğurda istedadı ilə yanaşı, muxtar respublikada idmana və idmançılara göstərilən qayğı, yaradılan şərait də mühüm rol oynayır: “Biz idmançıların uğur qazanması, idman ənənələrini layiqli təmsil etməyimiz üçün hər bir imkan yaradılıb. Biz idmançılar bundan maksimum yararlanmalı, göstərilən diqqəti və qayğını hər zaman üzərimizdə hiss etməli və uğurlarımızı davam etdirməliyik”.

Portret

İdmanda belə bir deyim var: “İmkansız bir şey yoxdur. Yetər ki, işin içində ağıl və zəhmət olsun. Nə qədər çox xəyal qursan, o qədər uğurlu olacaqsan”. Bəli, qəhrəmanımız Röya Abdullayevanın bir çox xəyalı, arzusu var. Və bunları reala çevirməsi üçün idmançımız parlaq istedada, sarsılmaz əzmə sahibdir. Bu cür təfəkkürə, döyüşçü ambisiyasına malik olan bir qıza da dünya çempionluğu yaraşır...

Ceyhun MƏMMƏDOV