Mersin Yenişəhər Bələdiyyəsi Atatürk Kültür Mərkəzində Türkiyə Şahmat Federasiyası və Mersin Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi “Mersin Böyükşəhər Bələdiyyəsi V Uluslararası Satranç Turnuvası”na start verilib.


Noyabrın 21-dək davam edəcək turnirdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının müəllim və şahmatçıları da mübarizə aparır.

Reqlamentə əsasən turnir iki qrupda – “A” və “B” qrupları üzrə keçirilir. 82 zəka sahibinin mübarizə apardığı “A” qrupunda 4 idmançımız – Talıb Babayev, Toğrul Həsənzadə, Pərviz Qasımov və Nəsrin Babayeva iştirak edir. 15 şahmatçımız isə 354 zəka sahibinin mübarizə apardığı “B” qrupunda qərarlaşıb.
Türkiyə, Gürcüstan, Türkmənistan, İran, Ukrayna, Qazaxıstan, Suriya, Azərbaycan, Avstraliya, İordaniya, Hindistan, Rusiya və Belçika şahmatçılarının mübarizə apardığı turnirdə artıq 5 tura yekun vurulub. Şahmatçılarımızdan beynəlxalq usta Toğrul Həsənzadə və FIDE ustası Pərviz Qasımov 3,5 xalla 15 və 16-cı pillələri bölüşürlər. Hazırda turnir cədvəlinə 5 xalla avstraliyalı beynəlxalq qrossmeyster Temur Kuybokarov başçılıq edir.

Ceyhun MƏMMƏDOV