Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərinin voleybol klubları arasında keçirilən muxtar respublika birinciliyinə yekun vurulub.
İki gün davam edən və Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman, Təhsil nazirlikləri və Voleybol Federasiyasının birgə təşkil etdiyi yarışda şəhər və rayon mərhələlərində uğur qazanan 11 komanda mübarizə aparıb. Olimpiya sistemi üzrə keçirilən yarışın həlledici qarşılaşmasında Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin komandası ilə “Şərur” komandası üz-üzə gəlib. Daha üstün oyun sərgiləyən ikincilər qalib adını qazanıblar. Üçüncü yer uğrunda görüşdə isə “Ordubad” komandası sədərəkli məktəbliləri məğlub etməyi bacarıb.
Qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV