Türkiyədə 43-cü İstanbul Marafonu keçirilib. “Dünyanın qitələrarası yeganə marafonu” adlandırılan, Dünya Atletika Birliyi tərəfindən “qızıl kateqoriya”da göstərilən nüfuzlu tədbirə 100-dən çox ölkədən 20 min idmançı olmaqla, ümumilikdə, 40 min nəfər qatılıb.

Naxçıvan Atletika Federasiyasının idmançılarından Əmrah Nağıyev və Miryusif Seyidov da marafona qatılıblar. Əmrah tam məsafə – “42 kilometr” kateqoriyası üzrə mübarizə aparıb. Təmsilçimiz finişə 120-ci (kişilər arasında) olaraq çatıb. 3 saat 21 dəqiqə 27 saniyəlik göstəriciyə nail olan gənc atlet bu nəticə ilə Azərbaycan idmançıları arasında birinci olub.
“15 kilometr” kateqoriyasında gücünü sınayan Miryusif Seyidov 1 saat 10 dəqiqə 59 saniyəlik göstərici ilə 296-cı (kişilər arasında), azərbaycanlı idmançılar arasında isə ikinci olub.
İdmançılarımız marafonun medalları ilə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti