“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında keçirilən yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub.


Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 60 idmançı mübarizə aparıb. Yarışda Naxçıvan şəhər idmançıları ilə yanaşı, Culfa və Şərur cüdoçuları da iştirak ediblər.
Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarış başlamazdan öncə birincilik barədə məlumat verib, idmançılara uğurlar arzulayıblar.
9 çəki dərəcəsində keçirilən birinciliyin yekun nəticəsinə əsasən Cəfər Rəsulzadə (30 kiloqram), Rəhim Qaybalıyev (34 kiloqram), Nihad Məmmədov (38 kiloqram), Vüqar Nuriyev (42 kiloqram), Atilla Rəhimli (46 kiloqram), Əli Seyidov (50 kiloqram), Heydər Zamanov (55 kiloqram), Aqil Hüseynov (60 kiloqram) və Tofiq Nəcəfov (60+ kiloqram) bütün rəqiblərinə qalib gələrək birinciliyin baş mükafatını qazanıblar.
Sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Ceyhun MƏMMƏDOV