Naxçıvan şəhərindəki 16 nömrəli tam orta məktəbin mini futbol meydançasında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə Naxçıvan Şəhər və Şərur Rayon Uşaq-Gənclər İdman məktəblərinin 10 və 11 yaşlılardan ibarət komandaları arasında minifutbol üzrə yoldaşlıq görüşü keçirilib.
Yoldaşlıq görüşünün keçirilməsində məqsəd uşaq futbolunun inkişafına töhfə vermək, oyunçuların ustalıq səviyyəsini yüksəltmək və bu növdə kütləviliyə nail olmaq idi. Yarış Naxçıvan Şəhər və Şərur Rayon Gənclər və İdman idarələri, Təhsil şöbələri və Uşaq-Gənclər İdman məktəbləri tərəfindən birgə təşkil edilmişdir.

Görüşün yekununa gəlincə isə 10 yaş qrupunda Şərur təmsilçiləri 2:0 hesablı qələbə qazanıblar. 11 yaşlıların oyununda isə şəhər komandası 4:1 hesablı qələbəyə sevinib.
Qaliblərə diplomlar təqdim olunub.

*  *  *

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Şərur Rayon və Naxçıvan Şəhər Uşaq-Gənc­lər İdman məktəblərinin kiçikyaşlı və yeniyetmə idmançıları arasında sərbəst güləş üzrə yoldaşlıq görüşü keçirilib.
Şərur rayonunda təşkil olunan görüş­də 64 idmançı 2 yaş qrupunda 32 çəki dərəcəsində döşək üzərinə çıxıb. Dünya Güləş Birliyinin mövcud qaydaları ilə keçirilən görüşün yekununa əsasən ­kiçikyaşlı yeniyetmələr arasında 17:5 hesabı ilə “Naxçıvan” komandası, yeniyetmələr arasında isə 7:3 hesabı ilə “Şərur” komandası qalib gəlib.
Sonda hər iki komandanın qalib və fərqlənən üzvləri diplomlarla mükafatlandırılıb.

 Ceyhun MƏMMƏDOV