Ötən ay gənc nəslin vətənpərvər ruhda formalaşdırılması, intellektual bilik və dünyagörüşünün artırılması, asudə vaxtının səmərəli təşkili, muxtar respublikamızın turizm imkanlarının onlar arasında tanıdılması və təbliği məqsədilə bir sıra tədbirlər həyata keçirilib.


İyul-avqust aylarında Ağbulaq İstirahət Mərkəzində təşkil olunan 3 günlük “Yay məktəb”lərində iştirakçılar üçün STEAM və “Gələcək üçün maliyyə” təlimləri, konsert proqramı, müxtəlif idman oyunları, müsabiqələr, intellektual yarışlar təşkil olunub və sənədli filmlər nümayiş etdirilib. 4 dəfə reallaşan düşərgə tipli layihədə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, könüllü gənclər və kursantlar olmaqla, ümumilikdə, 200-dən çox gəncin iştirakı təmin olunub. Beynəlxalq Gənclər Günü ilə bağlı hazırlanan tədbirlər planına uyğun olaraq Naxçıvan şəhərində gənclərin Vətən müharibəsində iştirak edən hərbçilərimizlə, həmçinin Culfa rayonunda şəhid ailələri ilə görüşləri təşkil edilib, şəhid məzarları ziyarət olunub. Bu münasibətlə paytaxt və bölgələrdə müxtəlif idman yarışları, film nümayişləri keçirilib, Ağbulaq kəndi ətrafında təmizlik aksiyası, Ordubad və Naxçıvandakı mədəni-tarixi abidələrə ekskursiyalar reallaşıb.
Sağlamlıq imkanları məhdud yeniyetmələrin intellektual səviyyəsi, dünyagörüşü və zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə “Xəmsə” milli intellekt oyunu üzrə fərdi birincilik, məktəbdənkənar tərbiyə müəssisələrinin şagirdləri arasında isə “Şəhidlər bizim qəhrəmanımızdır!” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Azərbaycanın tarixində müstəsna xidmətləri olan şəxslərin, ərazi bütövlüyümüz uğrunda şücaət göstərən döyüşçülərin, o cümlədən Milli qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə könüllü gənclər tərəfindən “Qəhrəmanlar unudulmur!” adlı videoçarxlar hazırlanıb və sosial şəbəkələrdə yerləşdirilib.
Hesabat dövrü ərzində bədən tərbiyəsi və idman sahəsində kütləviliyin artırılması, gənc nəslin sağlamlığının qorunması, yay tətilinin səmərəli təşkili və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası istiqamətində tədbirlər həyata keçirilib. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə karate və MMA, həmçinin boks, kikboksinq, cüdo üzrə Naxçıvan şəhər birincilikləri, Beynəlxalq Gənclər Günü münasibətilə qızlar arasında üzgüçülük yarışı, boccia və çimərlik voleybolu üzrə yoldaşlıq görüşləri, eləcə də gənc şahmat müəllimləri arasında şahmat üzrə respublika birinciliyi reallaşıb.
İdmançı və məşqçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yeni biliklərə yiyələnməsi məqsədilə təcrübəli mütəxəssislərin muxtar respublikaya dəvət olunması diqqətdə saxlanılır. Gənclərdən ibarət milli komandanın məşqçisi – beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi Rövşən Hacıyevin iştirakı ilə sərbəst güləşçilər üçün taktiki-texniki seminar təşkil olunub. Ötən ay idmançılarımız beynəlxalq arenada öz qüvvəsini sınayıb, uğurlu nəticələr əldə ediblər: Naxçıvan Güləş Federasiyasının yetirməsi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edərək olimpiadanı gümüş medalla tamamlayıb. Naxçıvan Karate-do Federasiyasının yetirməsi Rəşid Süleymanov Finlandiyada keçirilən 14-15 yaşlı yeniyetmələrin 48-ci Avropa çempionatında 1-ci olub. Karateçilərimiz Rafiq Hüseynli (1 qızıl, 2 gümüş və 1 bürünc), Nərgiz Həsənli (1 qızıl və 1 bürünc) və Yaqub Qəmbərovdan (1 bürünc) ibarət heyət isə Türkiyədə keçirilən 5-ci Çanaqqala Open beynəlxalq turnirində 7 medal qazanıb. Naxçıvan Şahmat Federasiyasının idmançılarından Rza Həsənov Serbiyada keçirilən beynəlxalq çempionatın 14 yaşlıları arasında ikinci olub, Nəsrin Babayeva milli komandanın üzvü kimi Rumıniyada təşkil olunan qadın şahmatçıların Avropa çempionatında iştirak edib, 16 yaşadək şahmatçılar arasında 5-ci olub.
Muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üçün mütəmadi təşkil olunan ekskursiyalar davam etdirilib, qrafikə uyğun olaraq budəfəki gəzintidə Basketbol, Futbol, Voleybol və Atletika federasiyalarının təmsilçiləri müvafiq olaraq Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksində, Bəhruz Kəngərli Muzeyində, Cəlil Məmmədquluzadənin ev-muzeyində və Xatirə Muzeyində olublar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti