Naxçıvan Muxtar Respublikasında yeni istifadəyə verilən idman obyektləri arasında futbol meydançaları xüsusi yerə malikdir. Çünki yeni stadionların istifadəyə verilməsi gənc nəslin sağlamlığının qorunması məqsədini daşıyır. Müasir standartlara cavab verən stadionların şəhər və rayonlarla yanaşı, həm də kəndlərdə yaradılması yeniyetmə və gənclərin futbola marağını daha da artırır. Dünən Kəngərli rayonunun Qabıllı kəndində yeni minifutbol stadionu istifadəyə verilib.

Açılış mərasimində çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, bu gün muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, idmana da xüsusi diqqət və qayğı ilə yanaşılır. Hər il müxtəlif ünvanlarda yeni idman obyektləri inşa edilərək gənclərimizin ixtiyarına verilir. Bu da idmana muxtar respublika rəhbərinin göstərdiyi dövlət qayğısının bariz nümunəsidir. Bu gün istifadəyə verilən stadion rayonda uşaq və yeniyetmələrin, gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında müstəsna rol oynayacaq.
Diqqətə çatdırılıb ki, Qabıllı kənd sakini sahibkar Füzuli Hüseynov belə bir təşəbbüsü irəli sürdükdən sonra dövlət tərəfindən müəyyən olunmuş ərazi ayrılıb və yeni stadionun inşası aparılıb. İcra Hakimiyyətinin başçısı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bütün rayon sakinlərini təbrik edib, idmançılara və onların məşqçilərinə uğurlar arzulayıb.
Bu münasibətlə bütün idman ictimaiyyətini təbrik edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov diqqətə çatdırıb ki, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idman sahəsində investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi daim diqqətdə saxlanılır. Məhz sahibkarlığa dəstəyin nəticəsidir ki, bu gün belə bir stadion inşa edilib. Ümumiyyətlə, muxtar respublikada uğurlu idman siyasəti nəticəsində mütəmadi olaraq tədbirlər, yarışlar, turnirlər təşkil edilir, hər il idman infrastrukturu müasirləşdirilir. Buna son vaxtlarda Uzunoba gölü ətrafında inşa edilən Təlim-Məşq İdman Kompleksi gözəl nümunədir. İdmanın inkişafına davamlı qayğının göstərildiyi muxtar diyarımızda yaradılan müasir infrastruktur beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə imkan verir.
Tədbirdə çıxış edən sahibkarın qardaşı Pərviz Hüseynov və qızı Aytən Hüseynova sahibkarlara yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər. Mənsim Möhbalıyev və Hüseyn Səfərəliyev isə Qabıllı kənd sakinləri adından dövlətimizə və futbol meydançasının tikintisində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.
Uzunluğu 42, eni 26 metr olan süni örtüklü stadionun ərazisi 0,6 hektar ərazini əhatə edir. Stadionda işıqlandırma sistemi, eyni zamanda paltardəyişmə və yardımçı otaqlar və sanuzel qovşağı quraşdırılıb. Sahəyə kilid daşları döşənilib, stadionun ətrafında abadlıq işləri aparılıb, asfalt örtüyü salınıb. Eyni zamanda stadionun yanında 1 hektar ərazidə badam bağı salınıb. İki nəfər işlə təmin olunub.
Tədbirin sonunda Şərur və Kəngərli rayon uşaq futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Ceyhun MƏMMƏDOV