Naxçıvan Dövlət Universitetində XV Universiada və 2021- ci ilin I yarısında muxtar respublika üzrə yarışlarda mükafata layiq görülmüş idmançılar təltif olunub.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, hər il aprel, may aylarında universitetdə təqvim planına uyğun tələbələrin universiadası keçirilir. Rektor idman kompleksinin yenidən təmir olunmasını, yeni idman ixtisaslarının əlavə olunmasını muxtar respublikada idmana göstərilən yüksək dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirib. Elbrus İsayev vurğulayıb ki, altı ay davam edən XV Universiada yarışlarında idmançı tələbələrlə yanaşı, həmçinin qeyri- ixtisasdan olan tələbələr də yer alıb. Rektor tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

XV Universiadanın yekun hesabatı mövzusunda çıxış edən universitet İdman Klubunun sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Rəhimov bildirib ki, ümumilikdə, universiadada cəmi 467 idmançı tələbə iştirak edib ki, bunlardan 100 nəfəri əcnəbi tələbə olub. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş peyntbol üzrə Naxçıvan Muxtar Respublikası açıq birinciliyində universitetin komandası 20 komanda arasında II yerə layiq görülüb. Ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında peyntbol üzrə keçirilən Naxçıvan Muxtar Respublikası açıq birinciliyində isə Naxçıvan Dövlət Universitetinin komandası I yerə layiq görülüb. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən “Vətən naminə” hərbi-idman oyununda universitetin “Qələbə” komandası bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüb. Gənclər arasında keçirilən “Hədəf” atış təlimində fərqləndiyinə görə Məhəmməd Şahbazov Fəxri fərmanla təltif edilib. Bakı şəhərində keçirilən cüdo güləşi üzrə Azərbaycan Cüdo Federasiyasının keçirdiyi seçmə yarışında Pedaqoji fakültənin I kurs tələbəsi Abbas Məmmədov II yerə çıxıb, Azərbaycan yığma komandasının tərkibinə daxil edilib. Naxçıvan Şəhər Gömrük İdarəsinin yanından Duzdağ mağarasına qədər keçirilən 5 kilometr məsafəyə kross qaçışında Xatun Orucova II yerə layiq görülüb.
Universiadanın ümumi nəticələrinə görə Tibb fakültəsi ümumi hesabla qalib olub. İqtisad fakültəsi II, Pedaqoji fakültə isə III olub.
Bədən tərbiyəsi və idman ixtisası üzrə II kurs tələbəsi, Dünya ikincisi, Avropa üçüncüsu olan Aslan İsmayılov qazandığı uğurlar haqqında tələbələrə məlumat verib, universiada iştirakçılarını təbrik edib
Sonda mükafatlandırma mərasimi keçirilib.

Etibar Dərbəndəliyev
Jurnalistika ixtisası üzrə III kurs tələbəsi