Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən may ayında da gənclərlə iş diqqətdə saxlanılıb, bir sıra tədbirlər həyata keçirilib.
Ötən ay ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə respublika könüllüləri arasında “Zoom” platforması üzərindən onlayn formatda “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. 45 regiondan könüllülərin qatıldığı turnirdə “Naxçıvan könüllüləri” komandası I yerin sahibi olub. Ulu öndərin doğum günü ilə əlaqədar gənclərin Heydər Əliyev Muzeyinə, “Naxçıvanı tanıyaq!” devizi altında isə “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksi və Gülüstan türbəsinə ekskursiyaları təşkil edilib.

May ayında “Nizami Gəncəvi ili” ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında keçirilən “Nizami dünyası” adlı teatr müsabiqəsi çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun teatr studiyası tərəfindən hazırlanmış “İlyas və Afaq” tamaşası nümayiş olunub. 3 ay davam edən müsabiqə mayın 26-da keçirilən mükafatlandırma mərasimi ilə başa çatıb.
Hesabat ayında gənclərin yeni bilik və bacarıqlar qazanmasına və şəxsi inkişafına kömək məqsədilə Ordubad rayonunda 30 gəncin iştirakı ilə “İş və şəxsi həyat balansı” mövzusunda motivasiya yönümlü təlim təşkil olunub, yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyununun muxtar respublika birinciliyi, ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan çağırışyaşlı tələbələrin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərmək məqsədilə onlar arasında “Vətən naminə” hərbi-idman oyunu və kursantlar arasında “Zəfərə gedən yol və 44 günlük müharibə!” devizi altında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Ötən ay ölkə şahmatı tarixində ilk dəfə olaraq Naxçıvanda kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatları keçirilib. Naxçıvan şəhərindəki Gənclik Mərkəzində reallaşan nüfuzlu yarışda milli komandanın üzvləri və reytinqli şahmatçılar, həmçinin Naxçıvan idmançıları – qrossmeyster Urfan Sevdımalıyev, şahmatçılar Nəsrin Babayeva və Nazlı Hümbətova da iştirakçı qismində mübarizə aparıblar.
Hesabat ayı ərzində bədən tərbiyəsi və idman sahəsində kütləviliyin artırılması, istedadlı idmançıların üzə çıxarılması, fiziki imkanları məhdud yeniyetmə və gənclərin reabilitasiyasının təmin olunması, o cümlədən tarixi gerçəkliklərin təbliği, turizm potensialının tanıdılması istiqamətində bir sıra tədbirlər – divara dırmanma, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq və böyüklər arasında boccia, velosiped, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında peyntbol, stend atıcılığı, oğlan və qız atletlər arasında kross qaçışı üzrə Naxçıvan Muxtar Respublika birincilikləri keçirilib.
İctimai-siyasi və yaradıcı aləmdə fəaliyyəti olan dahi şəxsiyyətlərimizin daha yaxından tanıdılması, xalqımızın qədimdən bu günə miras buraxdığı milli-mənəvi dəyərlərə bağlılıq hissinin möhkəmləndirilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üçün mütəmadi təşkil olunan ənənəvi ekskursiyalar davam etdirilib, qrafikə uyğun olaraq budəfəki gəzintidə Atletika, Voleybol, Basketbol və Futbol federasiyalarının təmsilçiləri müvafiq olaraq Duz Muzeyində, Yusif Küseyir oğlu türbəsində, Milli Dəyərlər Muzeyində və Qarabağlar Türbə Kompleksində olublar.

Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti