Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 3-4 iyun tarixlərində atletika üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda reallaşan yarışda 90 idmançı medallar uğrunda mübarizə aparıb. Çempionatda muxtar respublikamızı təmsil edən Əmrah Nağıyev ona bəslənilən ümidləri doğruldaraq mükafatçılar sırasına düşüb. Naxçıvan Atletika Federasiyasının idmançısı 3000 metr məsafəyə qaçışda bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb. Məsafəni 9 dəqiqə 32.92 saniyə ərzində qət edən təmsilçimiz bu göstərici ilə Azərbaycan çempionu adına layiq görülüb. İlk üçlükdə qərarlaşan idmançılara diplom və medallar təqdim edilib.

 Xatırladaq ki, ölkə və beynəlxalq miqyaslı marafon qaçışı turnirlərində uğurlu nəticələrə nail olan Əmrah Nağıyev kross qaçışı (6000 metr) üzrə Azərbaycan çempionatının da qalibi olub.