Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.
Son turda naxçıvanlı şahmatçı Nəsrin Babayeva (1704) beynəlxalq usta Gövhər Beydullayeva (2263) ilə üz-üzə gəlib və məğlub olub. Digər zəka sahibimiz Nazlı Hümbətova (1381) da eyni aqibətlə üzləşib. O, sonuncu turda beynəlxalq usta Səbinə İbrahimovanın (2213) müqavimətini qıra bilməyib. Yarışın lideri beynəlxalq usta Gülnar Məmmədova (2382) bu turda ən yaxın izləyicisi qrossmeyster Zeynəb Məmmədyarova (2274) ilə görüşdə “sülh”ə imza atıb. Qrossmeyster Ülviyyə Fətəliyeva (2301) və qrossmeyster Xəyalə Abdulla (2263) arasında keçirilən oyunun qalibi isə ikinci olub. FIDE ustası Ləman Hacıyeva (1982) ilə Mələk İsmayılın (1997), FIDE ustası Ayan Allahverdiyeva (2088) ilə Səbinə Rzalının (1925) görüşləri heç-heçə başa çatıb.

Yekun nəticəyə əsasən Gülnar Məmmədova 9 xalla Azərbaycan çempionatının qalibi olub. 7,5 xal toplayan Gövhər Beydullayeva ikinci, qrossmeyster Zeynəb Məmmədyarova üçüncü olub.
Sonda qalib şahmatçılar Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən hazırlanmış xüsusi rozet, əllə çəkilmiş portretləri və pul mükafatı, Gülnar Məmmədova isə kubokla təltif olunub.
Qeyd edək ki, ölkə birinciliyinin qalibi Azərbaycanı Dünya Kubokunda təmsil edəcək. Digər iki pillənin sahibləri isə şəxsi Avropa çempionatında mübarizə aparmaq hüququ qazanıblar.

 Ceyhun MƏMMƏDOV