Diyarımızda ilk dəfə təşkil olunan şahmat üzrə qadınlar arasındakı Azərbaycan çempionatı davam edir.
7-ci turda naxçıvanlı şahmatçı Nəsrin Babayeva (1704) qrossmeyster Xəyalə Abdulla (2263) ilə üz-üzə gəlib. Görüşdə şahmatçımız məğlub olub. FİDE ustası Ləman Hacıyeva (1982) ilə beynəlxalq usta Gövhər Beydullayevanın (2263) oyununda qalib tərəf Gövhər olub.

Digər zəka sahibimiz Nazlı Hümbətova (1381) bu turda qrossmeyster Ülviyyə Fətəliyevaya (2301) məğlub olub. Qrossmeyster Zeynəb Məmmədyarovanın (2274) rəqibi bu tur FİDE ustası Ayan Allahverdiyeva (2088) olub. Gərgin mübarizədə Zeynəb qalib gəlib. Beynəlxalq usta Səbinə İbrahimova (2213) Səbinə Rzalı (1925) ilə görüşdə ağ-qara taxtanı məğlubiyyətlə tərk edib. Beynəlxalq usta Gülnar Məmmədovaya (2382) rəqib olan Mələk İsmayıl (1997) “sülh”ə imza atıb.
Turnir cədvəlinə 7 turdan sonra 6 xalla Gülnar Məmmədova və Zeynəb Məmmədyarova başçılıq edirlər.
Bu gün 8-ci turun görüşləri keçiriləcək. Bu turda azarkeşlər aşağıdakı görüşlərə şahidlik edəcəklər:
Nazlı Hümbətova - Ayan Allahverdiyeva
Nəsrin Babayeva - Zeynəb Məmmədyarova
Gövhər Beydullayeva - Xəyalə Abdulla
Səbinə Rzalı - Ləman Hacıyeva
Ülviyyə Fətəliyeva - Mələk İsmayıl
Gülnar Məmmədova - Səbinə İbrahimova
Görüşlər saat 1400-da başlayacaq.

 Ceyhun MƏMMƏDOV