Xəbər verdiyimiz kimi, Naxçıvan şəhərində qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı keçirilir. Altıncı turun görüşlərindən sonra şahmatçıların ­fikirlərini öyrəndik.
Ləman Hacıyeva – FIDE ustası:

– Naxçıvana üçüncü dəfədir, gəlirəm. İlk səfərimdə, 2015-ci ildə Naxçıvan şəhərində keçirilən beynəlxalq şahmat festivalında qızlar arasında birinci yeri tutmuşdum. Sonuncu dəfə buraya 2019-cu ildə şahmat yarışında iştirak etmək üçün gəlmişdim.

Hazır­kı yarış mənim üçün qənaətbəxş davam edir. İki məğlubiyyət, iki qalibiyyət və iki dəfə də heç-heçə ilə bitirmişəm oyunları. Bu gün rəqibimi üstələdim, qalib ayrıldım. Çempionatın təşkilatçılığı barədə onu deyə bilərəm ki, yüksək səviyyədədir. Naxçıvan şəhərindən heç getmək istəmirəm. Pandemiya şəraitində də şahmatdan uzaqlaşmamış, evdə daha çox şahmatla məşğul olmuş, öz üzərimdə işləyə bilmişdim. Bir sözlə, çempionata hazırlıqlı gəlmişəm. Hələ qarşıda bir neçə tur var və bundan sonrakı iştirakçılar üzərində üstünlük əldə etməliyəm. Rəqiblərimin hamısı güclüdür. Güclü şahmatçı ona deyirəm ki, daha çox çalışır, xüsusilə də xarakteri möhkəm olur. Niyə? Çünki rəqibə uduzandan sonra gərək psixoloji cəhətdən möhkəm olasan ki, sabahkı oyunu davam etdirə biləsən. Rəqiblərimlə daha əvvəl şahmat yarışlarında oynamışıq. Hamısı çox yaxşı gedişlər edir. Açığı, çətin və gərgin mübarizə gedir. Lakin sevindiricidir ki, Naxçıvan şəhərində təşkil edilən şahmat yarışlarında iştirak mənə çox böyük təcrübə qazandırır. Naxçıvan artıq mənim ən çox sevdiyim şəhərlərdən biridir. Bu çempionatda iştirakdan da çox məmnunam.
Nəsrin Babayeva – Naxçıvan Şahmat Federasiyasının təmsilçisi:

– Artıq 10 ildir ki, şahmatla məşğul oluram. Atam bu sahədə inkişaf etməyimə çox kömək edir. Çempionatın gedişi barədə deyə bilərəm ki, hazırda rəqiblərim üzərində iki qalibiyyətim var. Belə yüksək səviyyədə təşkil edilən çempionatda iştirak mənim üçün qürurvericidir. Daha əvvəl Bakıda və Türkiyənin bir sıra şəhərlərində keçirilən şahmat yarışlarında iştirak etmişəm. Burada həm təşkilatçılıq, həm də iştirakçılara göstərilən qayğı yüksək səviyyədədir. Rahat şəraitdə oynamağımız sayəsində yarışlar hələ ki, mənim üçün müsbət davam edir. Şahmatda ruhdan düşməmək, motivasiya və psixoloji dözümlülük, iradə vacib amildir. Oyunlarda qalib gəlmək insanın özgüvənini artırır və digərlərinə nisbətən daha yaxşı motivasiya edir. Bu çempionatda iştirak etmək özümü bu sahə üzrə inkişaf etdirmək üçün böyük fürsətdir. İnanıram ki, bundan sonra da yaxşı nəticələr göstərəcək və Naxçıvanımızı layiqincə təmsil edəcəyəm.

 Güntac ŞAHMƏMMƏDLİ