Naxçıvanda təşkil olunan şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib. Tamaşaçıların izlədiyi bir-birindən maraqlı oyunlardan sonra çempionatda mübarizə aparan şahmatçıların fikirlərini öyrəndik.
Misrətdin İSGƏNDƏROV (qrossmeyster): “Keçirdiyim son oyuna ciddi hazırlaşmışdım. Açığı, rəqibin e4 oynamasını gözləyirdim, lakin o, d4-lə oyuna başladı, belə deyək, qədim hind müdafiəsi. Debütdə problemim olmadı, rəqib də səhv oynadı debütü. Bundan istifadə edib üstünlüyü ələ aldım və 6-cı turda ilk qələbəmi qazandım. Yarışın təşkilatçılığına gəlincə, hər şey mükəmməl hazırlanıb. Deyərdim ki, karyeramda oynadığım ən yaxşı yarışların birincisidir. Məqsədim ilk dördlüyə düşmək və final mərhələsinə vəsiqə qazanmaqdır. Rəqiblərimə və özümə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.


Aydın SÜLEYMANLI (beynəlxalq usta): “İlk dəfədir, Azərbaycan çempionatı Bakıdan kənarda təşkil olunur. Naxçıvanda keçirilən bütün yarışlar, turnirlər kimi bu çempionat da yüksək səviyyədə öz axarı ilə davam edir. Bakıdan kənarda, başqa bir şəhərdə çempionatda mübarizə aparmaq fərqli, eyni zamanda gözəl hissdir. Deyərdim ki, indiyədək oynadığım ən yaxşı, ən güclü çempionatdır. Təşkilatçılığa gəlincə, çempionatın təşkili yüksək səviyyədədir və şahmatçılar üçün hər bir şərait yaradılıb. Buna görə təşkilatçılara minnətdarlığımı bildirirəm. Keçirdiyim görüşlərin yarısında qələbə, yarısında heç-heçə etmişəm. Düşünürəm ki, belə güclü heyətli turnirdə bu, aşağı nəticə deyil. Yarışın başa çatmasına bir neçə tur qalır. İndidən kimin qalib gələcəyini demək çətindir. Digər tərəfdən beynəlxalq qrossmeysterlərlə görüşlər məni qorxutmur. Hələ, əksinə, bu çempionatda iştirak etməyi çox istəyirdim. Çünki özündən güclülərlə oynamasan, güclənə bilməzsən. Buna görə bura çox böyük motivasiya ilə gəlmişəm”.

Ceyhun MƏMMƏDOV