Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan şahmat üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatında 6-cı turun oyunları keçirilib.
Bu turda qrossmeyster Vüqar Əsədli (2572) qrossmeyster Fərid Abbasovu (2528) məğlub etməklə ardıcıl 3-cü qələbəsini qazanıb. Qrossmeyster Eltac Səfərli (2598) də eyni uğuru təkrarlayıb. O, beynəlxalq usta Məhəmməd Muradlıdan (2449) üstün olub. Maraqla gözlənilən qarşılaşmada qrossmeyster Nicat Abasov (2665) qros­smeyster Misrətdin İsgəndərovun (2535) müqavimətini qıra bilməyib və məğlub olub. Ardıcıl 3 heç-heçədən sonra qrossmeyster Vasif Durarbəyli (2606) qələbə sevinci yaşayıb. O, buna beynəlxalq usta Aydın Süleymanlını (2520) məğlub etməklə müvəffəq olub. Qrossmeyster Nicat Məmmədov (2609) isə beynəlxalq usta Abdulla Qədimbəyli (2470) ilə xalları yarı bölüb.

Naxçıvanlı qrossmeyster Urfan Sevdimalıyev (2369) bu turda beynəlxalq usta Kənan Qarayevlə (2331) qarşılaşıb və qələbə qazanıb. Qeyd edək ki, bu qrossmeysterimizin çempionatda ilk qələbəsidir.
6 turdan sonra turnir cədvəlinə 4,5 xalla qrossmeysterlər Vüqar Əsədli və Nicat Məmmədov başçılıq edirlər.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən çempionatda 12 zəka sahibi mübarizə aparır və çempionata mayın 18-də yekun vurulacaq.
Bu gün 7-ci turun görüşləri keçiriləcək. Bu turda azarkeşlər aşağıdakı görüşlərə şahidlik edəcəklər:

Kənan Qarayev - Aydın Süleymanlı
Fərid Abbasov - Urfan Sevdimalıyev
Misrətdin İsgəndərov - Vüqar Əsədli
Abdulla Qədimbəyli - Nicat Abasov
Məhəmməd Muradlı - Nicat Məmmədov
Vasif Durarbəyli - Eltac Səfərli

Görüşlər saat 14:00-da başlayacaq.

 Ceyhun MƏMMƏDOV