Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan şahmat üzrə kişilər arasındakı Azərbaycan çempionatı davam edir. Ötən gün çempionatda 4-cü turun oyunları keçirilib.
Bu turda çempionatın bir nömrəli reytinqli şahmatçısı qrossmeyster Nicat Abasovla (2665) beynəlxalq usta Kənan Qarayev (2331) üz-üzə gəliblər. Daha üstün oyun sərgiləyən Nicat növbəti bir xalı aktivinə yazıb. Qrossmeyster Vüqar Əsədli (2572) isə qrossmeyster Urfan Sevdimalıyevdən (2369) güclü olub. Maraqla gözlənilən digər görüşdə qrossmeyster Eltac Səfərli (2598) qrossmeyster Misrətdin İsgəndərovla (2535) xalları yarı bölüb. Bu, Misrətdinin ardıcıl 4-cü heç-heçəsidir. Beynəlxalq usta Məhəmməd Muradlı (2449) ilə beynəlxalq usta Aydın Süleymanlının (2520) da görüşündə eyni nəticə qeydə alınıb. Qrossmeyster Fərid Abbasovla (2528) qrossmeyster Nicat Məmmədovun (2609) görüşü gərgin keçib və sonda qalib gələn tərəf Nicat olub. Qrossmeyster Vasif Durarbəyli (2606) isə beynəlxalq usta Abdulla Qədimbəyli (2470) ilə qarşılaşmada ağ-qara taxtanı “sülh”lə tərk edib.

4 turdan sonra qrossmeyster Nicat Abasov və qrossmeyster Nicat Məmmədov 3 xalla turnir cədvəlinə başçılıq edirlər.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən çempionatda 12 zəka sahibi mübarizə aparır və çempionata mayın 18-də yekun vurulacaq.
Bu gün 5-ci turun görüşləri keçiriləcək. Bu turda azarkeşlər aşağıdakı görüşlərə şahidlik edəcəklər:

Urfan Sevdimalıyev - Aydın Süleymanlı
Kənan Qarayev – Vüqar Əsədli
Fərid Abbasov – Nicat Abasov
Misrətdin İsgəndərov - Nicat Məm­mədov
Məhəmməd Muradlı - Vasif Durarbəyli
Abdulla Qədimbəyli - Eltac Səfərli

Görüşlər saat 14;00-da başlayacaq.

- Ceyhun MƏMMƏDOV