Naxçıvanda təşkil olunan şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında dördüncü tura yekun vurulub. Keçirilən görüşlərdən sonra muxtar respublikamıza gələn şahmatçıların fikirlərini öyrəndik:

Nicat ABASOV (qrossmeyster): “Pandemiya dövründə Azərbaycan çempionatının belə yüksək səviyyədə təşkili üçün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasına minnətdarlığımı bildirirəm. İlk dəfə Bakıdan kənarda keçirilən çempionat təqdirəlayiqdir, təşkilatçılıq yüksək səviyyədədir, şahmatçıların rahatlığı, oyunlara tam hazırlanması üçün hər bir imkan yaradılıb. Sonuncu dəfə Naxçıvan Beynəlxalq Şahmat Festivalında ikinci olmuşam. Bu gün isə burada keçirilən Azərbaycanın tarixindəki ən güclü çempionatda bütün oyunlar gərgin və çətin keçir. 8, hətta deyərdim 9 qrossmeysterin mübarizəsində kimin qalib gələcəyini öncədən demək mümkün deyil. Niyə məhz 9 dedim, çünki Aydın Süleymanlı artıq qrossmeyster normasını yerinə yetirib. İlk turlardan gərgin mübarizə gedir. Birinci turda bir görüşdən başqa, digər oyunların hamısı heç-heçə başa çatmışdı. Bu da rəqiblərin reytinq xallarına baxmayaraq, nə qədər güclü olduğundan xəbər verir. İlk iki turda mən də heç-heçə oynadım. Lakin keçirdiyim son iki görüşdə qalib gəldim. Hələ qarşıda bir neçə çətin tur bizi gözləyir. Həm rəqiblərimə, həm də özümə bu görüşlərdə uğurlar arzulayıram”.

Kənan QARAYEV (beynəlxalq usta): “Naxçıvanda ilk dəfə keçirilən Azərbaycan çempionatında iştirak etmək, mübarizə aparmaq sevindiricidir. İstər təşkilatçılıq, istərsə də şahmatçılara olan diqqət yüksək səviyyədədir. Rəqiblər inanılmaz dərəcədə çox güclüdür və əlimdən gələni edirəm ki, onlarla başa-baş mübarizə aparım. 4 turda 3 heç-heçə etmişəm, yalnız sonuncu turda qrossmeyster Nicat Abasova debutdən yaxşı vəziyyət almayaraq məğlub oldum. Digər üç oyunda beynəlxalq qrossmeysterlərlə xalları yarı böldük. Çalışacağam digər oyunlarda əlimdən gələni edim və uduzmağıma baxmayaraq, ruhdan düşməyim. Qarşıda çox oyun var, daha güclü oynayıb qələbə uğrunda mübarizə aparacağam, rəqiblərimə oyunumla “baş ağrısı” olmaq istəyirəm”.
Məhəmməd MURADLI (beynəlxalq usta): Naxçıvanda keçirilən Azərbaycan çempionatının gərgin mübarizələrlə müşayiət olunacağı öncədən məlum idi. İlk dəfə Bakıdan kənarda təşkil olunan çempionat açığı, bizlər üçün yad gəlirdi. Lakin bura gəldikdə hər şeyin fərqli olduğunu gördük. Təşkilatçılıq yüksək səviyyədədir. Hətta deyərdim ki, dünyanın ən güclü turniri hesab edilən “Tata Stil turniri”ndən də yaxşı təşkil olunub. Şahmatçıların özlərini rahat hiss etməsi üçün istər oyun zalı, istərsə də oteldə qonaqlama mükəmməl təşkil edilib. Üçüncü turda Abdulla Qədimbəyli üzərində qələbə qazandım. O, Azərbaycanın gənc, istedadlı şahmatçılarından biridir. Hər zaman onunla oyunlarım uğursuz olub – ya heç-heçə etmişəm, ya da məğlub olmuşam. Bu, Abdulla üzərində ilk qələbəmdir. Oyun zamanı hər hansı böyük taktikadan istifadə etmədim, yalnız fiqurlarımı inkişaf etdirdim və rəqibin vaxt azlığından istifadə etdim. Lakin bu hələ üçüncü turdur, qarşıdakı oyunlara daha ciddi hazırlaşmaq və uğurlu seriyamı davam etdirməliyəm. Qarşıdakı yarışlar barədə hələ bir planım yoxdur və özümü yalnız bu yarışa adaptasiya etmişəm. Qarşıda 8 tur var və bundan sonra final mərhələsi başlayacaq. Həmin final mərhələsində hər bir şahmatçı kimi mən də iştirak etmək istəyirəm.

Ceyhun MƏMMƏDOV