Muxtar respublikada ilk dəfə təşkil olunan şahmat üzrə kişilər arasındakı Azərbaycan çempionatında ikinci tura yekun vurulub.

İlk turla müqayisədə bu tur zəka sahibləri arasındakı görüşlər tərəflərin qələbəsi ilə başa çatıb. Qrossmeyster Eltac Səfərli (2598) ikinci turu “sülh”lə başa vurub. O bu turda beynəlxalq usta Kənan Qarayevin (2331) müqavimətini qıra bilməyib. Qros­smeyster Nicat Abasovla (2665) qrossmeyster Vüqar Əsədlinin (2572) görüşündə də qalib tərəf müəyyənləşməyib. Qrossmeyster Misrətdin İsgəndərov (2535) beynəlxalq usta Məhəmməd Muradlı (2449) ilə xalları yarı böldüyü halda, qrossmeyster Fərid Abbasov (2528) qrossmeyster Vasif Durarbəyliyə (2606) məğlub olub. Beynəlxalq usta Aydın Süleymanlı (2520) ilə beynəlxalq usta Abdulla Qədimbəylinin (2470) oyununda ağ-qara taxtanı gülən tərəf kimi Aydın tərk edib. Şahmatçımız qrossmeyster Urfan Sevdimalıyev (2369) bu turda qrossmeyster Nicat Məmmədovla (2609) üz-üzə gəlib və məğlub olub.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən çempionatda 12 zəka sahibi mübarizə aparır.
Bu gün üçüncü turun görüşləri keçiriləcək. Bu turda azarkeşlər aşağıdakı görüşlərə şahidlik edəcəklər:

Vüqar Əsədli - Aydın Süleymanlı
Abdulla Qədimbəyli - Məhəmməd Muradlı
Misrətdin İsgəndərov - Vasif Durarbəyli
Fərid Abbasov - Eltac Səfərli
Kənan Qarayev - Nicat Məmmədov
Urfan Sevdimalıyev - Nicat Abasov

Görüşlər saat 1400-da başlayacaq.

 Ceyhun MƏMMƏDOV