Babək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Babək qəsəbəsindəki Uşaq-Gənclər Şahmat Məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rayon ümumtəhsil məktəbləri arasında şahmat turniri keçirilmişdir.
Turnir başlamazdan əvvəl Babək Rayon Təhsil Şöbəsinin əməkdaşı Müslüm Vəliyev, Uşaq-Gənc­lər Şahmat Məktəbinin direktoru İbrahim Sultanov ölkəmizdə idmana göstərilən qayğıdan bəhs etmiş, muxtar respublikamızda olimpiya-idman komplekslərinin, idman məktəblərinin inşa olunmasının bunun bariz nümunəsi olduğunu diqqətə çatdırmışlar. Bildirilmişdir ki, idmana göstərilən qayğı nəticəsində muxtar respublikamızda beynəlxalq səviyyəli yarışların keçirilməsi artıq ənənə halını almışdır.
Baş hakim Zakir Quliyev turnirin qaydaları barədə məlumat vermişdir. Sonra ümumtəhsil məktəblərindən 20 komandanın mübarizəsinə start verilmişdir. Hər komandada 2 oğlan, 1 qız olmaqla, 60 idmançı yarışmışdır.  
Yarışda Babək qəsəbə tam orta məktəbinin komandası 7 xalla birinci yeri tutmuşdur. İkinci yeri 6 xalla Qoşadizə kənd tam orta məktəbinin komandası qazanmış, üçüncü yerdə isə 5 xalla Nehrəm kənd 3 nömrəli və Sirab kənd tam orta məktəblərinin komandaları qərarlaşmışlar.
Turnirin sonunda qalib komandalar Təhsil Şöbəsinin diplomları ilə təltif olunmuşlar.

Xəbərlər şöbəsi