Futbol üzrə Azərbaycan I divizionunun ilk dövrəsinin son turunda “Araz-Naxçıvan” futbol komandası Bakının “Qaradağ-Lökbatan” futbol komandasını qəbul etdi. Yeni ilə lider kimi qədəm qoymaq üçün Naxçıvan təmsilçisi turnir cədvəlində ən yaxın izləyicisini geridə qoymaq niyyətində idi. Muxtar respublika klubu bu arzusunu reallaşdırdı və ilin son matçında azarkeşləri önündə rəqibini minimal hesabla məğlub edərək liderliyini möhkəmlətdi.

Emin və Eşqinin yoxluğu

Ən yaxın izləyicisi üzərində qələbə qazanmaq heç də asan deyildi. “Araz-Naxçıvan” futbol komandasının baş məşqçisi Əsgər Abdullayev bunu bilirdi və buna görə tədbirini görmüşdü. “Qaradağ-Lökbatan”ı məğlub edib ötən turdakı məğlubiyyətin təsadüf olduğunu sübut etmək üçün Naxçıvan təmsilçisi lökbatanlıları mütləq halda meydandan xalsız göndərmək istəyirdi. Qarın yağmasına baxmayaraq, bu oyunun hazır­lıqlarına ciddi şəkildə adaptasiya olan “Araz-Naxçıvan”da Emin İmam­əliyevin zədəli, Eşqin Quliyevin isə cəzalı olması baş məşqçini düşündürürdü. Doğma azarkeşlər önündə qələbə qazanmaq istəyən qırmızı-ağlar meydana, həmişə olduğu kimi, 4-3-3 taktikası ilə çıxmışdılar. Heyətdə yeganə də­yişiklik Fərman Qəmbərovun ilk 11-likdə meydana çıxması idi. Müdafiə xəttində Ruslan və Mikayılla yanaşı, Əlimirzə ilə Fərmana bel bağlayan Əsgər Abdullayev yarımmüdafiədə Akif-Elgiz-Cavid triosuna tapşırıqlar vermişdi. David Canıyev, Bəxtiyar Soltanov və Elmin Çobanov isə meydana qol ümidi kimi çıxmışdılar.

“Qaradağ-Lökbatan”ın bu oyunda ən böyük itkisi Anar Həsənovun cəzalı olması idi. Sarı vərəqə limitini dolduran yarımmüdafiəçi komandasının heyətində Naxçıvana gəlmə­mişdi. Həmçinin Murad Ağakişiyev də ilk 18-liyə daxil edilməmişdi. Əvəzində baş məşqçi Adil Mahmud­ov əsas futbolçuları – Ramal Hüseynov, İlham Allahverdiyev, Novruz Ələkbərov və Rüfət Məmmədovu meydana buraxmışdı.

Bir olsun, bizim olsun

Oyundan öncə hər iki komandanın niyyətinin 3 xal qazanmaqla liderlik olduğunu nəzərə alsaq, matçın sürətli başlayacağı məlum idi. Xüsusilə doğma fanatları önündə meydana çıxan “Araz-Naxçıvan” ilk dəqiqələrdən istəkli olduğunu nümayiş etdirdi. Ardıcıl hücumlar artıq 7-ci dəqiqədə öz bəhrəsini verdi. Hücumların birində rəqib müdafiəçilər topu uzaqlaşdırmaq istəsə də, qırmızı-ağların pressinqi komandamıza künc zərbəsi qazandırdı. Akif Tağıyevin mükəmməl asmasından sonra hamıdan yüksəyə tullanan Mikayıl Rəhimov başla gözəl qola imza atdı – 1:0. Bu qol müdafiəçimizin cari mövsümdə rəqib qapılarından keçirdiyi ikinci qol oldu. Artıq hesabda önə keçən qırmızı-ağlar rəqibi bundan sonra əks-hücumlarda yaxalamağa başladı. Rəqibin sərt oyunu diqqətdən yayınmırdı. Xüsusilə hücumlar zamanı müdafiəçilərin futbolçularımızın qarşısını kobudluqla almaları baş hakim Vüsal Əliyevin də səbrini daşırdı. Onun tez-tez oyunçulara xəbərdarlıq etməsinə baxmayaraq, dəyişən heç nə olmadı.
“Araz-Naxçıvan” isə hücumlarına ara vermədən davam edirdi. Cinahlarda Bəxtiyar Soltanov və Elmin Çobanovun uzun reydləri, driblinqləri sayəsində çaşbaş qalan rəqib müdafiəçilər 28-ci dəqiqədə daha bir epizodda qoldan xilas oldular. Belə reydlərin birində komanda yoldaşlarından ideal ötürmə alan David Canıyevin zərbəsi qapıdan azacıq aralı keçdi. Bir məqamda isə Əlimirzə Daşzərini qapını uzaqdan yoxlasa da, qapıçı sayıqlığını itirmədi. Rəqiblərin səylərinə baxmayaraq, ilk hissədə tablodakı hesab dəyişmədi.
İkinci hissəyə “Qaradağ-Lökbatan” iki əvəzetmə ilə başladı. Hücum xəttinə daha çox önəm verməyə başlayan Adil Mahmudov yetirmələrinə qapını uzaqdan yoxlamağı tapşırmışdı. Belə epizodların birində Novruz Ələkbərov Ramal Hüseynovun asmasından sonra topu yaxşı ram etsə də, qapıya zərbəsi dəqiq alınmadı. Rəqibin bu hücuma cavab isə Bəxtiyar Soltanovdan gəldi. Sağ cinahda uzun ötürmə aldıqdan sonra B.Soltanov qapıya doğru irəli­ləməyə başladı. Ancaq zərbəsi bir qədər dəqiq alınmayınca rəqib futbolçular rahat nəfəs aldılar. İkinci hissədə lökbatanlıların yaddaqalan bir epizodunda isə müdafiəçimiz Ruslan Abıyevin kobud səhvi diqqəti cəlb etdi. Belə ki, topu uzaqlaşdırmaq istəyən Ruslan az qala topu öz qapımıza göndərəcəkdi. Bu epizodda dəri əlcək sahibi Emil Balayev mükəmməl reaksiyası ilə yadda qaldı. Matçın son 10 dəqiqəsində meydana daxil olan hücumçumuz Rəhman Musayev yaşıl ota ayağını qoyan kimi toru silkələdi. Cərimə zərbəsindən edilən ötürməni R.Musayev başla qapıdan keçirsə də, yan xətt hakimi bayrağını qaldıraraq oyundankənar vəziyyətin olduğunu bildirdi. Bundan sonra hücumlar öz bəhrəsini verməyincə tablodakı hesab da dəyişməz olaraq qaldı. Bununla da, “Araz-Naxçıvan” futbol komandası cari mövsümdə 13-cü qələbəsini qazanmaqla liderliyini davam etdirdi.
Qeyd edək ki, bu qələbə ilə xalını 40-a yüksəldən “Araz-Naxçıvan” futbol komandası dövrəarası fasiləyə qış çempionu kimi yollandı. Futbol üzrə divizionun ikinci dövrəsi fevral ayında başlayacaq və 16-cı turda komandamız səfərdə “Bakılı”nın qonağı olacaq.

Ceyhun MƏMMƏDOV