Futbol üzrə Azərbaycan I divizionunun hazırkı lideri “Araz-Naxçıvan” futbol komandası çempionatın ilk dövrəsinin son turunda “Qaradağ-Lökbatan”ı qəbul edəcək. İlk dövrəni lider kimi başa vurmaq istəyən Naxçıvan təmsilçisi üçün bu matç böyük əhəmiyyət kəsb edir. Hazırda muxtar respublika komandasını bir xalla izləyən Bakı təmsilçisi son iki mövsümdə daha iddialı təsir bağışlayır. Belə ki, 2011-2012-ci illər mövsümünü çempion kimi başa vuran lökbatanlılar ötən mövsüm I divizionda gümüş medalla mükafatlandırılmışlar. Baş məşqçisi Adil Mahmudov olan “Qaradağ-Lökbatan” komandası cari mövsümdə yeganə məğlub olmayan komandadır. Buna baxmayaraq, rəqib turnir cədvəlində ən çox heç-heçə edən komandalardan biridir – 3 heç-heçə.

Mövsümə nəzər yetirdikdə “Qaradağ-Lökbatan” futbol komandası hələ ki ən az qol buraxan klubdur. Belə ki, lökbatanlılar cari ildə keçirdikləri 14 matçda qapılarından cəmi 4 qol buraxıblar. Rəqib qapılarına 30 dəfə yol tapan Adil Mahmudovun yetirmələri “Neftçala”dan sonra ən çox qol vuran ikinci komanda adını qazanıblar. Rəqibin oyun üçün Naxçıvana gələcəyi vaxt da artıq məlumdur. 15-ci turun mərkəzi qarşılaşmasını oynamaq üçün “Qaradağ-Lökbatan” muxtar respublikaya sabah təşrif buyuracaq. Onların günorta saatlarından sonra matçın keçiriləcəyi Naxçıvan Muxtar Respublika Stadionunda məşqə çıxacağı gözlənilir.
“Araz-Naxçıvan”a gəlincə, komandamız ötən tur ilk məğlubiyyətini aldıqdan sonra bu matça ciddi şəkildə hazırlaşır. Ən yaxın izləyicisi ilə oyunda qalib gəlib mövqeyini qorumaq üçün naxçıvanlılar gündə bir dəfə olmaqla oyunun hazırlıqlarını davam etdirirlər. Qırmızı-ağların heyətində ən böyük itki Emin İmaməliyevin oynaya bilməməsidir. Belə ki, əzələsi dartılan kapitan bu matçı da buraxmaq məcburiyyətində qalacaq. Bundan başqa, “Neftçala” ilə görüşdə zədələnərək oyunu yarımçıq tərk edən Bəxtiyar Soltanovun oynayıb-oynamaması həkimin son qərarından sonra dəqiqləşəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” –“Qaradağ-Lökbatan” matçı dekabrın 22-də Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək. Oyunun başlama vaxtı isə saat 1400-dür.

Ceyhun MƏMMƏDOV