Cəmiyyətin inkişafının mühüm şərtlərindən biri insan inkişafı indeksinin yüksəlməsinə xidmət edən fiziki və mənəvi cəhətdən sağlam insanların olmasıdır. Qiymətli  insan resurslarının yaradılması və onlardan istifadənin düzgün təşkili üçün cəmiyyətin hər bir fərdinin hərtərəfli inkişafına, onun fiziki sağlamlığına, zehni imkanlarının genişləndirilməsinə xidmət edən hər bir şəraitdən istifadə edilməlidir. Dünyada milyard dollarlarla ölçülən bir həcmə çatan idman iqtisadiyyatı bu gün özünün geniş imkanları ilə bir çox xidmət və istehsal sahələrinə də təsiretmə gücünə malikdir.

Ümumiyyətlə, idman və bu kimi bir çox sosial-mədəni sahələr bazar iqtisadiyyatında öz inkişaf mexanizmini müxtəlif səviyyələrdə tapır. Məsələn, şou-biznes heç bir təşviq və mexanizm olmadan böyüyərək adamların vaxt və vəsaitini cəlb edə bildiyi halda, turizm və idman kimi sağlamlıqla birbaşa əlaqəli olan sahələrin bir çox hallarda dəstək və təbliğata ehtiyacı vardır. Qeyd etmək yerinə düşər ki, burada müxtəlif ölkələrdəki insanların həyat tərzi və istehlak meyilləri də mühüm rol oynayır. Məsələn, sosial inkişafda model olaraq göstərilən Skandinaviya ölkə­lərində adamlar bahalı avtomobilini satmalı olsa da, heç olmasa ildə bir dəfə ailəlikcə günəşli ölkələrə turizm səyahətini təxirə salmazlar. Yaxud bu ölkələrdə yaşayan insanlar hər gün yatmazdan qabaq parkda gəzməyi, şəhərətrafı yerlərdə velosiped sürərək ailəlikcə yürüşə çıxmağı bizim axşamlar küftə-bozbaş yeyib yatmağımız qədər mənimsəmişlər. Ona görə də idman, sağlamlıq, turizm kimi məsələlərə yanaşanda təkcə iqtisadi inkişaf və ehtiyatlardan əlavə, həm də maarifçilik və kütləvi meyillərdən də danışmaq  yerinə düşər.    
Amma, sən demə, idman həm də bir iqtisadiyyat deməkdir. Elə bir iqtisadiyyat ki, burada həm fərdi və korporativ maraqlar, həm firmaların, həm də dövlətin maraqları kəsişir. Ayrıca bu sahənin inkişafına töhfə verən yeni texnologiyanın  və sahəni işıqlandıran mətbuatın da maraqlarını xüsusi olaraq qeyd etmək lazımdır.
Müasir idman hazırda öz təsiretmə gücünə görə də diqqət mərkəzindədir. Əgər qədim dövrlərdə idman yarışları, olimpiya oyunları yalnız şöhrət və əyləncə xatirinə keçirilirdisə, indi idmanın bir çox növləri öz kütləviliyinə görə yüz milyonlarla insanın həyatının bir parçasına çevrilmiş, mühüm sosial-tərbiyəvi gücə malik olmuşdur. Müxtəlif yaş, sosial təbəqə və cinsdən olan idman azarkeşlərinin öz sevimli komandası üçün bir araya gəlməsi bu gün cəmiyyətdə mühüm sosial effekt yaradan amillərdəndir.  Burada insanların həyat səviyyəsi, idmanın tarixi növlərinə olan bağlılıqla bərabər, sahənin kommersiya maraqları da öz sözünü deməkdədir. İdman və sağlamlığın qorunması kimi fəaliyyətlər əksər dövlətlərin sosial inkişaf proqramlarında öz yerini tutsa da, idmanın konkret növü üzrə nailiyyətlər yalnız burada bazar prinsiplərinin, yəni iqtisadi münasibətlərin ön plana çıxması ilə müşahidə olunur.
Şübhəsiz, kütləvi idmanla bərabər, yaxşı idmançıları, idmanın növləri üzrə tanınmış ulduzları tanımayan yoxdur. Və bu idmançıların oyun və çıxışları ilə bərabər, onların qazanc  və qonorarları da çox söhbətlərin mövzusudur. Başqa sözlə, bu gün bir Avropa ölkəsinin yüz milyard dollara çatan turizm gəlirindən necə danışırıqsa, eləcə də bir formula çempionunun və ya Futbol üzrə Avropa Çempionlar Liqasında oynayan bir tanınmış futbolçunun illik on milyonlarla dollar gəlirinə də elə yanaşmalıyıq. İdmanda təkcə idmançının deyil, onların məşqçilərinin, idman infrastrukturu işçilərinin, bu infrastrukturun yaradılması və yenilənməsi üzrə sahələrin, idman avadanlıqları və idman geyimi istehsalı sahələrinin, habelə reklam, sponsorluq, yayım kimi fəaliyyətlərin də  idmançı ilə  bərabər, iqtisadi maraqlarını ödəyə bilməsi bu sahədəki iqtisadi münasibətlərin səviyyəsi ilə izah olunur. Ona görə də sosial həyatın mühüm parçası olan idmanın səviyyəsini ölkənin ümumi iqtisadi-sosial inkişaf səviyyəsi ilə əlaqələndirib, idmandan alınan nəticələrə də bu inkişafa verilən töhfə kimi baxmalıyıq.
İdmanın katalitik funksiyasından istifadə edərək daha nə qədər sahə öz işini qura və ya genişləndirə bilər. Məsələn, bu gün keçirilən yarışlar reklam üçün əlverişli fürsət kimi qiymətləndirilə, firmalarımız sponsorluq nümayiş etdirərək öz məhsul və xidmətlərini reklam edən tablolarla çıxış edə bilərlər. Bundan əlavə, uşaq və gənclərin idman geyim və formalarına olan azarkeş marağını həm dərinləşdirmək, həm də bundan istifadə etmək mümkündür. Konkret olaraq, muxtar respublikamızda təkcə doğma “Araz-Naxçıvan” futbolçularının forma satışları üzrə xeyli  bazar seqmenti vardır ki, bu da onların istehsalı və azarkeş təbəqəsi üçün satışı imkanları yaradır. Muxtar respublikamızda idmana göstərilən qayğının genişlənməsi, idman yarışlarının sayının və əhatə dairəsinin artması gələcəkdə bu sahənin inkişaf perspektivindən xəbər verir.

Əli CABBAROV