Buna baxmayaraq, “Araz-Naxçıvan” yenə irəlidədir

Futbol üzrə Azərbaycan I divizionunun 14-cü turunun mərkəzi qarşılaşmasında dekabrın 15-də “Araz-Naxçıvan” futbol komandası “Neftçala” futbol komandasının qonağı oldu. Son iki mövsümdə çempionatda çıxış edən və mükafatçılar sırasında olan Neftçala təmsilçisi ilə muxtar respublika klubu arasındakı qarşılaşma, gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçdi. Meydan sahiblərinin ikinci hissədə nadir hücumlarından biri qolla nəticələnincə komandamız meydandan 1:0 hesabı ilə məğlub ayrıldı.

Stadion niyə dəyişdirildi?

Bu matça marağın hədsiz dərəcədə çox olacağı öncədən bəlli idi. Ancaq “Neftçala” futbol klubunun oyunu Bakıya keçirməsi gözlənilməz oldu. Görüşlərin təqvimi açıqlanarkən Azərbaycan Peşəkar Futbol Liqası “Neftçala”-“Araz-Naxçıvan” matçının keçiriləcəyi yer kimi Nəriman Nərimanov adına Neftçala Şəhər Stadionunu göstərmişdi. Ancaq oyuna saatlar qala qurum meydan sahiblərinin ərizəsi əsasında oyunun keçirilmə yerində dəyişiklik etdi.

Onsuz da doğma arenası bilinməyən Neftçala təmsilçisi matçın “Bayıl Arena”da baş tutmasına müvəffəq oldu. Öncədən qeyd edək ki, bu stadion süni örtüklüdür və son bilgilərə görə, neftçalalılar məhz Naxçıvan təmsilçisi ilə görüşə elə bu stadionda hazırlaşıblar. Maraq doğuran fakt isə “Neftçala”nın çempionat başlamazdan öncə PFL-ə təqdim etdiyi iki stadion arasında bu arenanın adının bəlli olub-olmamasıdır. Elə oyuna saatlar qalmış qar səbəbindən açıqlanan bu qərardan sonra gərginliyin siqnal təbilləri vurulmağa başlamışdı.
“Araz-Naxçıvan” üçün bu oyun böyük əhəmiyyət kəsb edirdi. Çünki yeni toplaşarkən komandamız elə ilk yoldaşlıq matçını “Neftçala”ya qarşı keçirmiş və komandalar meydandan “sülh”lə ayrılmışdılar (1:1). Səfərdə rəqibləri üzərində, adətən, qorxmadan hücum futbolu oynayan muxtar respublika klubu bu görüşə də eyni əhval-ruhiyyə ilə çıxmışdı. “Araz-Naxçıvan” futbol komandasının baş məşqçisi Əsgər Abdullayev bu dəfə heyətdə bəzi dəyişikliklər etmişdi ki, bunun da səbəblərindən biri kapitan Emin İmaməliyevin  zədəli olması idi. Üstəlik, oyunun başlamasına az müddət qalmış Bəxtiyar Soltanovun da ayağında ağrılar hiss etməsi Ə.Abdullayevi qayğılandırırdı. Buna baxmayaraq, o, yenə öz taktikasına üstünlük verməklə oyunun hakimi idi.
“Neftçala”da isə əsas hücumçu Ceyhun Abdullayevin zədəli olması, Samir Abdulovun müəyyən olmayan səbəblərə görə meydana çıxmaması hamını təəccübləndirdi. Bununla yanaşı, rəqibin heyətində Orxan Məmmədov və Timur Dadaşov da oyuna ehtiyat oyunçular skamyasında başlamalı oldular.

Hakimin “havada uçan” qırmızı vərəqələri

Öncədən bildirək ki, bu oyunun taleyini “Araz-Naxçıvan” elə ilk hissədəcə həll edə bilərdi. Oyuna sürətli başlayan komandamız artıq 10 dəqiqə ərzində rəqib qapısı önündə iki təhlükəli vəziyyət yarada bilmişdi. Əvvəlcə David Canıyev, daha sonra isə Elmin Çobanov qapını dəqiq nişan almayınca tablodakı sıfırlar dəyişməz qaldı. Rəqib heyətində Qasan Qasanovun sürətli oyunu isə diqqətdən yayınmırdı. Epizodların birində onun uzun reydindən sonra komanda yoldaşları bu hücuma qeyri-dəqiq vuruşla son qoydular. Oyunun ilk yarım saatının tamamında “Araz-Naxçıvan” futbol komandasının heyətində məcburi dəyişiklik oldu. Belə ki, zədələnən Bəxtiyar Soltanov yerini Rəhman Musayevə verdi. Hücumçumuzun meydana daxil olması hücum xəttindəki aktivliyi bir qədər də artırdı. Belə hücumların birində topla cərimə meydançasına daxil olan Elmin Çobanov qapını dəqiq nişan ala bilmədi. Az sonra Rəhman Musayev adını qol vuranlar siyahısına yazdıra bilərdi. Di gəl ki, onun zərbəsi də qapıdan aralı keçdi. İlk hissədə, demək olar ki, ərazi üstünlüyünə malik olan naxçıvanlılar rəqib qapıçı Tural Abbaszadəni keçə bilmədilər. Hakim Fariz Yusifovun fiti isə ilk hissənin sonunu bildirdi.
Hakimdən söz düşmüşkən, ilk hissədə onun tez-tez fit çalması futbolçuların oyununa da təsir göstərirdi. Bununla yanaşı, hər epizoda reaksiya verən referi vərəqə göstərməyi də unutmurdu.
İkinci hissə də komandamız üçün yaxşı başladı. Tam olaraq oyunun gedişatını ələ alan “Araz-Naxçıvan” 54-cü dəqiqədə matçdakı ən təhlükəli epizodu fövtə verdi. Komanda yoldaşından ideal ötürmə alan Rəhman Musayev qapıçı ilə təkbətək qalsa da, topu qapıdan aralı vurdu. Ardınca isə David Canıyevin zərbəsi təhlükəli alınsa da, top qapıdan keçmədi. “Neftçala”nın sağ cinahdan cərimə meydançasına havalandırdığı topa toxunan futbolçular qapımıza yol tapmaq istədilər. Ancaq Mikayıl Rəhimov topu qapı önündən uzaqlaşdırınca hakim künc zərbəsini göstərdi. Edilən asmada hamını qabaqlayan rəqib futbolçu Mübarək Şahquliyev 65-ci dəqiqədə hesabı açdı. Onun bu qolu matçda gərginliyi daha da artırdı. Görüşün 73-cü dəqiqəsində “Neftçala” futbolçusu Tanrıverdi Məhərrəmli hakimi təhqir etdiyinə görə meydandan qovuldu. Azlıqda qalan meydan sahibləri oyun vaxtının bitməsi prinsipi ilə oynamağa başladılar. Buna etiraz edincə isə meydanda yenə ara qarışdı. 79-cu dəqiqədə isə hakimin yenə qırmızı vərəqələri havada uçuşdu. Futbolçumuza qarşı nalayiq ifadələr işlədən “Neftçala” futbolçusu Aslan Hüseynov birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı. Ancaq referinin qərarı bununla bitmədi. Fariz Yusifov Aslanla mübahisə edən Eşqin Quliyevi də eyni halla üzləşdirdi.
Hücumlarına ara verməyən Naxçıvan təmsilçisi 81-ci dəqiqədə yenə “status-kvo”nu bərpa edə bilərdi. Bu dəfə də səhnəyə Rəhman Musayev çıxdı. Onun başla zərbəsini qapıçı son anda çölə çıxartdı.
Qırmızı vərəqə  verilən məqamlarda uzun müddət oyun dayansa da, bunu hakim, deyəsən, nəzərə almamışdı. Matçın əsas vaxtına əlavə edilmiş 5 dəqiqə “Araz-Naxçıvan” rəsmilərini əsəbiləşdirdi. Oyunun ikinci hissəsində oyun, ümumilikdə, 9 dəqiqə dayansa da, Fariz Yusifovun bu qərarı müəmmalı olaraq qaldı. Buna etiraz edilsə də, referi fikrindən daşınmadı. Bununla, “Araz-Naxçıvan” cari mövsümdə ilk dəfə olaraq meydanı məğlub tərk etdi və Azərbaycan futbolunda hakim “qurbanı” olan komandalar siyahısına düşdü.
Buna baxmayaraq, komandamız 37 xalla liderliyini davam etdirir. İlk dövrənin sonuncu turunda “Araz-Naxçıvan” futbol komandası doğma arenada “Qaradağ-Lökbatan” futbol komandasını qəbul edəcək.

Ceyhun MƏMMƏDOV