Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsində dünən “Araz-Naxçıvan” futbol komandası Zaqatalanın “Simurq” futbol komandasını qəbul etdi. Kubokun öncəki mərhələsində “Ağsu” futbol komandasını təyin edilmiş əlavə vaxtda məğlub edən muxtar respublika təmsilçisi uğurlu oyunlar seriyasını davam etdirdi. Premyer-Liqa təmsilçisi önündə çarəsiz qalmayan qırmızı-ağlar rəqibini məğlub etməklə yanaşı, həm də son zamanlar mətbuatda işıq üzü görən bəzi söz-söhbətlərə də son qoydu. Əsas və əlavə vaxtı 2:2 başa çatan matçın taleyini penalti zərbələri həll etdi. Çərçivəni daha dəqiq nişan alan “Araz-Naxçıvan”ın futbolçuları 1/4 finala yüksəlməyə müvəffəq oldular.

Matçdan öncə rəqib düşərgəsindəki arxayınlıq muxtar respublika təmsilçisinə əlavə motivasiya vermişdi. “Simurq”un Premyer-Liqada çıxış etməsi komandanı “Araz-Naxçıvan”dan üstün göstərirdi. Elə oyunun favoriti kimi də Zaqatala təmsilçisi göstərilirdi. Buna baxmayaraq, Əsgər Abdullayevin yetirmələri cari mövsümdə qazandıqları qələbələrin təsadüfi olmadığını sübut etmək imkanı əldə etmişdilər. Və imkandan maksimum yararlana bildilər.
Futbol üzrə Azərbaycan kuboku tarixində Naxçıvan təmsilçisi 6-cı matçına çıxırdı. Buna kimi bir qələbə, bir heç-heçə əldə edən qırmızı-ağlar 3 dəfə də meydanı məğlub tərk etmişdilər. Artıq keçmişi unudub gələcəyə baxan komandamız bu görüşün ilk hissəsində matçın müqəddəratını həll etmək istəyirdi. Məhz buna görə baş məşqçi Əsgər Abdullayev yetirmələrinə daha çox hücum futbolu oynamağı, həmçinin rəqibi əks-hücumlarda yaxalamağı tapşırmışdı.
İlk dəqiqələrdən rəqibi cərimə meydançasına sıxışdırmağa müvəffəq olan “Araz-Naxçıvan” 17-ci dəqiqədə qapısından qol buraxdı. Cərimə meydançasında rəqib futbolçulara qarşı kobud oynayan qapıçımız Emil Balayev sarı vərəqə almaqla yanaşı, həm də penaltiyə səbəb oldu. Topa yaxınlaşan Rəşad Eyyubov isə tablodakı sıfırların birini dəyişdi – 0:1. Qol sanki bizimkiləri yuxudan ayıltdı. Ardıcıl hücumlar öz bəhrəsini ilk hissənin son dəqiqələrində verdi. Sol cinahdan edilən hücum nəticəsində cərimə meydançasında rəqib futbolçuların kobudluğu referi Orxan Məmmədovun diqqətindən yayınmadı. Penalti nöqtəsinə yaxınlaşan David Canıyev “status-kvo”nu bərpa etdi – 1:1.
İkinci hissə tam fərqli başladı. Əvvəlcə rəqibin oyundankənar vəziyyətdə vurduğu qol hakimin nəzərindən yayınmadı. Rəqib komandanın cərimə meydançasında lövbər salan muxtar respublika təmsilçisinin heyətində David Canıyev, Bəxtiyar Soltan­ov və Rəhman Musayevin səyləri nəticəsiz qalınca, “Simurq” hesabı dəyişdi. Bu dəfə də səhnəyə Rəşad Eyyubov çıxdı – 1:2. Məğlub olmağı ağlından belə keçirməyən “Araz-Naxçıvan” son dəqiqələrdə bərabərlik qolunu vurmağa nail oldu. Sağ cinahdan ideal ötürmə alan Bəxtiyar Soltanovun vurduğu qol oyuna vaxt əlavə edilməsinə səbəb oldu – 2:2.
Əlavə edilmiş 30 dəqiqə isə komandamız üçün yaxşı başladı. Əsas vaxtın son dəqiqələrində Tural Axundovun qırmızı vərəqə alması rəqibin meydanda az qalmasına səbəb oldu. Bundan istifadə edən Əsgər Abdullayevin yetirmələri hücumlarının kəsərini artırdılar. Ancaq rəqib qapıçının inamlı çıxışı hesabın dəyişməsinə mane oldu.
Əlavə vaxt da heç-heçə başa çatdığından oyun penalti zərbələri ilə davam etdi. İlk olaraq topa “Araz-Naxçıvan”ın futbolçusu Eşqin Quliyev yaxınlaşdı. Onun zərbəsini isə qapıçı dəf etməyə müvəffəq oldu. Ancaq rəqib futbolçu Stepan Polyakın da penalti zərbəsi dirəyə tuş gəlincə qırmızı-ağlar rahat nəfəs aldı. Qapıçımız Emil Balayevin mükəmməl oyunu Andersonun zərbəsinin dəf edilməsi ilə nəticələndi. Elmin Çobanov, David Canıyev və Rəhman Musayevin ardınca topa sonuncu yaxınlaşan Emin İmaməliyev oyunun taleyini həll etdi. Soyuqqanlı çıxışı ilə diqqəti cəlb edən E.İmam­əliyevin zərbəsi nəticəsində “Araz-Naxçıvan” “Simurq”u məğlub etdi. Ümumi hesabda 6:4 hesablı qələbə “Araz-Naxçıvan”ı növbəti mərhələyə yüksəltdi. Bu mərhələdə komandamızın rəqibi “Xəzər-Lənkəran” olacaq. İki oyundan ibarət 1/4 final mərhələsinin matçları gələn ilin mart ayında keçiriləcək.

Fikirlər

İqor Getman (“Simurq”un məşqçisi): “Bu oyuna ciddi hazır­laşmışdıq. “Araz-Naxçıvan” yaxşı formalaşıb və bu gün meydanda inamlı təsir bağışladı. Qələbəyə görə onları təbrik edirəm”.
Əsgər Abdullayev (“Araz-Naxçıvan”ın baş məşqçisi): “Çətin oyun oldu. Futbolçular sonadək mübarizə apardılar və layiqli qələbə qazandılar. “Simurq” Premyer-Liqada hazırda ən az qol buraxan komandalardan biridir. Buna baxmayaraq, öz oyunumuzu göstərdik və qələbə qazandıq”.

Ceyhun MƏMMƏDOV