Cari mövsüm futbol üzrə Azərbaycan I divizionunda məğlubiyyətsiz olaraq addımlayan “Araz-Naxçıvan” futbol komandası növbəti qələbəsini qazanıb. 11-ci turda doğma azarkeşləri önündə “Şuşa”nı qəbul edən Naxçıvan təmsilçisi 3 xalı bir qolla əldə edib. Turnir cədvəlinin üst pillələrində qərarlaşan rəqibi məğlub etməklə qırmızı-ağlar liderliklərini bir qədər də möhkəmləndiriblər.

I divizionun 11-ci turu liderlərin qarşılaşması ilə yadda qaldı. Belə ki, turnir cədvəlinə başçılıq edən “Araz-Naxçıvan” 4-cü pillədə qərarlaşan “Şuşa”nı qəbul etdi, Lökbatanda “Qaradağ” isə yarandığı gündən əzəli rəqibi olan “Neftçala”nın müqavimətini qırmağa çalışdı. Bu 4 komanda arasında keçirilən matçlar həm də üst pillələrdəki yerlərə tam aydın­lıq gətirəcəkdi. “Qaradağ Lökbatan” – “Neftçala” görüşündən bir gün öncə meydana çıxan “Araz-Naxçıvan” rəqibini məğlub etməklə liderliyini davam etdirdi. Düzdür, “Şuşa”nı məğlub etmək o qədər də asan olmadı. Lakin Əsgər Abdullayevin yetirmələri qarşısında aciz qalan qonaq komanda Naxçıvanı xalsız tərk etdi.

Bu görüşdə baş məşqçi heyətdə bəzi dəyişikliklər etmişdi. Belə ki, 4-1-2-3 taktikası ilə meydana çıxan qırmızı-ağların hücum xətti bu dəfə Emin-Elmin-David triosuna tapşırılmışdı. Bəxtiyar Soltan­ovu ehtiyatda saxlayan Ə. Abdullayev yarımmüdafiə xəttində Akif-Elgiz-Eşqin tandeminə üstünlük vermişdi. Elgün Abbaslı isə cəzalı durumda olduğundan bu oyunu buraxmaq məcburiyyətində qalmışdı.
“Şuşa” futbol komandası Naxçıvana itkilərlə gəlmişdi. Komandanın yarımmüdafiə xəttində Frensis Boadi və İsrafil Qara­yevin olmaması baş məşqçi Nadir Qasımovu dəyişiklik etməyə məcbur etmişdi. “Şuşa”nın hücum futbolu oynayacağını öncədən sezən təcrübəli baş məşqçi Əsgər Abdullayev buna görə qabaqcadan tədbirini almışdı. Axı rəqib komanda liderlərlə oyunlarda daha çox hücuma meyil etməyi xoşlayırdı. Elə “Neftçala” və “Qaradağ Lökbatan”la oyunlarında bu, özünü bir daha göstərmişdi. Hesabda öndə olmalarına rəğmən, həmin oyunlarda N.Qasımovun müəyyən dəyişikliklər etməsi sonda məğlubiyyətlə nəticələnmişdi. Ə.Abdullayev isə rəqibin belə addımlar atmayacağına yaxşı bələd idi və işini də ona görə qurmuşdu. Rəqibi əks-hücumda yox, baxımlı oyunla məğlub etməyi planlaşdıran muxtar respublika klubunun baş məşqçisi istəyinə nail oldu.
İndiyədək bir dəfə belə olsun, qarşılaşmadığımız “Şuşa” haqda son vaxtlar daha xoş sözlər işlədilir. Komandanın turnir cədvəlində 4-cü pillədə qərarlaşması “Araz-Naxçıvan”ın çətin sınağa çıxacağından xəbər verirdi. Ancaq öncə də qeyd etdiyimiz kimi, Əsgər Abdullayev yetirmələrini bu oyuna xüsusi olaraq hazırlamışdı. Ramil Diniyevin start fitindən dərhal sonra hücuma atılan qonaqlar ilk dəqiqədə qapımız önündə təhlükəli vəziyyət yaratdılar. Sağ cinahdan hücum quran “Şuşa”nın heyətində Əhməd Ticaninin zərbəsi qeyri-dəqiq oldu. Bu hücumdan sonra muxtar respublika klubunun futbolçularında sanki dönüş yarandı. Rəqib qapısı önündə hücumlarının kəsərini artıran qırmızı-ağlar 12-ci dəqiqədə istəklərinə çatdılar. David Canıyev qapıçı ilə təkbətək epizoddan yararlana bilmədi. Lakin qapıçı Vaqif  Şirinbəyovun geri qaytardığı topa hamıdan tez çatan Elmin Çobanov uzaqdan zərbə ilə hesabı açdı – 1:0. Bu, futbolçumuzun cari mövsümdə vurduğu 3-cü qol oldu.
Meydan sahiblərinin fərqlənməsindən sonra növbə azarkeşlərə gəldi. Onların rəqib haqda səsləndirdikləri şüarlar isə hamının ayağa qalxmasına səbəb oldu. Səslənən “Hamı qalxsın ayağa, durun, gedək Şuşaya”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları rəqibin ehtiyatda oturan futbolçularının da alqışına səbəb oldu.
Matçın gedişatında da üstünlük yenə “Araz-Naxçıvan”ın tərəfində idi. İlk hissədə meydan sahibləri  daha bir dəfə fərqlənə bilərdilər. Belə ki, sol cinahdan edilən asmanı Emin İmaməliyev başla qapıya göndərdi. Tirə tuş gələn top qapı xəttini keçmədi.
İkinci hissə də komandamızın üstünlüyü ilə başladı. Emin İmam­əliyevi və Akif Tağıyevi Fərman Qəmbərov və Bəxtiyar Soltanovla əvəzləyən baş məşqçi bununla hücum xəttində bir qədər aktivliyi artırmağa müvəffəq oldu. Qonaqların isə ara-sıra hücumlarını qapıçımız Emil Balayev dəf etməklə qapısının toxunulmazlığını qorudu. Rəqiblərin bütün səylərinə baxmayaraq, hesab dəyişməz olaraq qaldı. Azərbaycan kubokunun 1/16 final mərhələsi də daxil olmaqla, son 7 oyundur, qapısının toxunulmazlığını qoruyan “Araz-Naxçıvan” beləcə, cari mövsümdə bir yeniliyə də imza atdı. Həmçinin dəri əlcək sahibimiz Emil Balayevin 480 dəqiqəlik “quru” seriyası bu matçda da davam etdi. Bu qələbədən sonra xalını 31-ə yüksəldən muxtar respublika klubu ən yaxın izləyicisini 4 xal qabaqlayır.
Qeyd edək ki, “Araz-Naxçıvan” növbəti oyununu noyabrın 29-u səfərdə Mingəçevirin “Energetik” klubuna qarşı keçirəcək.

Ceyhun MƏMMƏDOV