Noyabrın 12-dən etibarən Naxçıvan Muxtar Respublikası Ali   Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclər arasında 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənc­lər Həftəsinə həsr olunmuş tədbirlərin keçirilməsinə başlanılıb.
Noyabrın 12-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində muxtar respublika ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında badminton üzrə yarışa start verilib. 12 qız idmançının iştirak etdiyi turnirin açılış mərasimində Naxçıvan Muxtar Respublikası gənc­lər və idman nazirinin müavini Məcid Seyidov və Naxçıvan Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikamızda gənclərə göstərilən diqqət və qayğıdan danışıblar. Sonra badmintonçular öz qüvvələrini sınayıblar. Olimpiya sistemi ilə keçirilən yarış gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib.

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində keçirilən şahmat yarışına da muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri qatılıblar. Bir neçə turdan ibarət olan yarışın qalibləri 50-yə yaxın şahmatçı arasında müəyyən olunub. Hər iki yarışda fəxri yerləri tutmuş gənclərə təşkilatçılar tərəfindən diplomlar və hədiyyələr təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Voleybol Federasiyasının təşkilatçılığı ilə Tələbə-Gənclər Həftəsinə həsr olunmuş tələbələr arasında voleybol üzrə birincilik başa çatıb. İlham Əliyev adına Olimpiya İdman Kompleksində muxtar respublika ali və orta ixtisas təhsili müəssisələrinin 6 komandasının mübarizə apardığı yarış olimpiya sistemi ilə keçirilib. Turnirin qalibi Naxçıvan Dövlət Universitetinin eyniadlı komandası olub. Digər iki pillədə isə müvafiq olaraq Naxçıvan Musiqi Kolleci və Naxçıvan Müəllimlər İnstitutu qərarlaşıb. Yarışın qalibləri təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV