Şənbə günü Azərbaycan I divizionunun IX turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası “Bakılı” futbol komandasını qəbul edəcək. Hazırda turnir cədvəlinə başçılıq edən muxtar respublika klubu bu görüşə ciddi hazırlaşır. Ötən tur səfərdə “Şahdağ”ı məğlubiyyətə uğradan qırmızı-ağlar “ev”də qələbə seriyasını davam etdirmək niyyətindədirlər.
“Ev” oyunlarında daim hücum futbolu  oynadan Əsgər Abdullayevin yenə eyni taktikanı seçəcəyi güman edilir. 4-3-3 sxeminin uğurlu alınması qırmızı-ağların qol arayışında daha aktiv olmalarına zəmin yaradır. Oyunun hazırlıqlarını davam etdirən “Araz-Naxçıvan”ın heyətində zədəli və ya cəzalı futbolçu yoxdur. Sadəcə, yarımmüdafiəçi Akif Tağıyevin sağ ayağında elə də ciddi olmayan zədə Əsgər Abdullayevi düşündürür. Həkim nəzarətində məşqlərə davam edən A.Tağıyevin “Bakılı”  ilə matçda meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 9-da Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək “Araz-Naxçıvan”-“Bakılı” qarşılaşması saat 1500-də başlayacaq.

Ceyhun MƏMMƏDOV