Naxçıvan Muxtar Respublikasında digər sahələr kimi, idmanın da inkişafına xüsusi qayğı ilə yanaşılır. İnfrastrukturun yenilənənməsi və görülən digər çoxsaylı tədbirlər diyarımızda bu sahənin kütləviləşməsinə bilavasitə təsir göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilən tövsiyə və tapşırıqlar nəticəsində hər il yeni idman kompleksləri, zalları, idman obyektləri tikilərək insanların ixtiyarına verilir. Belə ünvanlardan biri də hazırda Uzunoba gölü ətrafında inşa edilən futbol kompleksidir.

5 illik inkişaf strategiyası ilə yeni mərhələyə qədəm qoyan Naxçıvan Futbol Federasiyası göstərilən dəstək və etimad nəticəsində Naxçıvanın futbol həyatındakı ən böyük layihəsini gerçəkləşdirir. Plana əsasən gölün ətrafında bir böyük süni örtüklü futbol stadionu, üstüörtülü və hasara alınmış mini-futbol meydançaları, iki tribunalıq çimərlik futbolu stadionu və inzibati bina, paltardəyişmə, hakim və həkim otaqları inşa edilir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyasının nəzarəti altında inşa edilən futbol kompleksinin gələn ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulub.
Artıq federasiya nümayandələri kompleksin inşası məsələləri ilə əlaqədar Türkiyə Cümhuriyyətinin Mersin şəhərində olublar. Məlumat üçün bildirək ki, inşa ediləcək stadionların süni ot örtükləri, eyni zamanda oturacaqları qonşu ölkədən gətiriləcək. Beynəlxalq standartlara cavab verəcək stadionun ətrafı xüsusi lampalarla işıqlandırılacaq. Bununla bağlı federasiya nümayəndələri Mersin şəhərində “PLP qrup CKİnşaat” nümayəndələri ilə görüşüb bu barədə razılığa gəliblər. Ay ərzində türkiyəli mütəxəssislər muxtar respublikamıza gələcək və inşa ediləcək stadionların yerləri tam hazır olduqdan sonra süni ot örtüyünün düzülüşünə başlanılacaq.
Naxçıvan Futbol Federasiyasının nümayəndələri Mersin şəhərində İtaliyanın “İnter” Futbol Klubunun akademiyasında olublar. Akademiyada gedən məşqləri izləyən federasiya rəsmiləri klubun Türkiyə nümayəndə heyətinin rəhbəri Hüseyn Kılavuzla da görüşüblər. Görüş zamanı gələcək işlər barədə fikir mübadiləsi aparılıb və dünyanın məşhur klubunun akademiyasının muxtar respublikamızda da nümayəndəliyinin açılması məsələsi müzakirə edilib. Bununla yanaşı, Mersin şəhərinin klubları ilə görüşlər keçirilib, gələcəkdə Naxçıvan və Mersin şəhərlərinin komandaları arasında təşkil olunacaq futbol görüşləri, eləcə də uşaq futbolu ilə bağlı məsələlər təhlil edilib. Qarşıdakı aylarda Mersin şəhərinin futbol qurumları ilə Naxçıvan Futbol Federasiyası arasında dostluq müqaviləsinin imzalanması da nəzərdə tutulur.
Səfər çərçivəsində muxtar respublikamızda futbol hakimlərinin inkişafı məsələləri də diqqətdə saxlanılıb. Belə ki, federasiya nümayəndələri uzun illər Türkiyənin FİFA referisi olmuş, hazırda Toroslar (Mersin) Bələdiyyəsi idman şöbəsinin müdiri vəzifəsində çalışan Vedat Yüksəllə görüşüb. Görüş zamanı hakimlərin hazırkı vəziyyəti müzakirə edilib və türkiyəli hakimin muxtar respublikamızda gənc hakimlər üçün seminarlarda iştirakı təsdiqlənib.
Qeyd edək ki, Naxçıvan Futbol Federasiyası diyarımızda futbolun inkişafı, kütləviləşməsi və uşaq futbolunun geniş vüsət alması üçün qarşıdakı aylarda Türkiyənin, eləcə də dünyanın bir sıra futbol qurumları ilə müqavilə bağlanmasını nəzərdə tutub.

Naxçıvan Futbol Federasiyasının
mətbuat xidməti