Bu gün Azərbaycan kuboku uğrunda “Araz-Naxçıvan” futbol komandası uzun aradan sonra ilk oyununu keçirəcək. I divizionun 8 komandasının qatıldığı ölkə kubokunun 1/16 mərhələsində artıq 3 görüş keçirilib. Sayca 22-ci kubok mövsümü olan cari ildə muxtar respublika təmsilçisinin rəqibi Ağsunun eyniadlı komandasıdır. Ötən mövsüm I divizionun qalibi olan Şirvan klubu cari ildə bir qədər inamsız təsir bağışlayır.
“Ağsu” komandası ilə keçirilən oyun “Araz-Naxçıvan”ın ölkə kuboku tarixində meydana çıxacağı 5-ci qarşılaşma olacaq.
“Araz-Naxçıvan” futbol komandası yarandığı gündən indiyə qədər “Ağsu” komandası ilə qarşılaşmayıb. Ölkə kubokunun reqlamentinə görə, 1/16 və 1/8 final mərhələsində rəqiblər arasında bir oyun keçirilir. Qalib gələn tərəfi isə 1/4 final mərhələsində iki görüş gözləyir: “ev”də və səfərdə. Muxtar respublika təmsilçisi “Ağsu” matçını qələbə ilə başa vurduğu təqdirdə 1/8 final mərhələsində Premyer Liqa klubu “Simurq”u qəbul edəcək. Zaqatala təmsilçisi ilə də görüş məhz Naxçıvan Muxtar Respublika Stadionunda oynanılacaq.
“Ağsu” I divizionun son turunda “Energetik”i 4:1 hesabı ilə məğlub edib və hazırda 13 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Bu görüşə marağın yüksək olacağı gözlənilir. Bu gün saat 1400-də Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək matçı izləmək üçün giriş pulsuz olacaq.

Ceyhun MƏMMƏDOV