Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə çimərlik futbolu üzrə muxtar respublika çempionatında növbəti oyunlar keçirilib.

Bu dəfə meydana 1/4 final mərhələsinə yüksələn komandalar çıxıb. Reqlamentə əsasən çempionatın bu mərhələsində ilk olaraq “B” qrupunu lider kimi başa vuran “Şahinlər” komandası “D” qrupunun ikincisi “Antiinhisar” komandası ilə üz-üzə gəlib. Görüş “Şahinlər” komandasının qələbəsi ilə başa çatıb - 9:1.
Sonra “Panter” və “Prestij” komandaları qaşılaşıb. Gərgin keçən oyunda qələbə qazanan tərəf “Panter” komandası olub - 8:4.
Qrup mərhələsini lider kimi başa vuran “Badamlı” komandası ilə “C” qrupunun ikincisi “Hava Limanı” komandasının görüşündə qapılara 7 top vurulub. 4:3 hesablı qələbə qazanan “Badamlı” komandası növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, 1/4 final mərhələsinin son görüşü bu gün keçiriləcək. Saat 1700-da başlayacaq görüşdə meydana “Aralıq” və Naxçıvan Dövlət Universitetinin komandaları çıxacaq.

 Ceyhun MƏMMƏDOV