Naxçıvan Muxtar Respublikasında idmanın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı icra olunan uğurlu layihələrdən biri də çimərlik futbolu ilə bağlıdır. Belə ki, iyun ayın 18-dən etibarən Uzun­oba gölünün ərazisində inşasına başlanılan çimərlik futbolu meydançası artıq hazır vəziyyətdədir. Beynəlxalq standartlara uyğun layihələndirilən meydançanın inşaat işləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının nəzarəti ilə icra olunub.

Muxtar respublikada ilk dəfə yaradılan çimərlik futbolu meydançası həm bölgənin idman həyatı, həm də Azərbaycan futbolu üçün tarixi hadisə kimi qiymətləndirilir. Beynəlxalq standartlara uyğun layihələndirilən meydançanın gələcək potensialları önəmli mövqeyi ilə seçilir. Belə ki, mövcud perspektivlər nəzərə alınaraq uşaq, yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsi, asudə vaxtın səmərəli təşkili məqsədilə meydançada çimərlik futbolu üzrə gələcəkdə turnirlərin keçirilməsi planlaşdırılır.
Bu arenanın istifadəyə verilməsi ilə bağlı məlumatlar ölkə mediası, ölkə futbol ictimaiyyəti tərəfindən böyük maraq və sevinclə qarşılanıb. Ölkənin müxtəlif informasiya agentlikləri, saytlar və digər media qurumları da bu yeniliklə bağlı informasiyaları geniş auditoriya kütləsinə çatdırıb.
Azərbaycan Çimərlik Futbolu Federasiyasının rəsmi sosial şəbəkəsində də paylaşılan bu xəbər qısa vaxt kəsiyində böyük sensasiya yaradıb. Xüsusilə Dünya Çimərlik Futbolu Təşkilatının (BSWW) bu xəbəri öz rəsmi sosial şəbəkələrində paylaşması isə diqqətdən yayınmayıb. Qurum dünya çimərlik futbolu izləyicilərinə “Azərbaycanda yeni bir gözəl stadion” başlıqlı postla bu hadisənin sevincini bölüşüb. Məlumat üçün bildirək ki, rəsmi sosial şəbəkələrdə (“Facebook” və “Instagram”) bir milyondan çox izləyicisi olan və 2005-ci ildən etibarən dünyanın ali futbol qurumu FİFA ilə rəsmi tərəfdaşlıq edən Dünya Çimərlik Futbolu Təşkilatı dünya, Avropa çempionatları və digər böyük turnirlərin baş təşkilatçısıdır.
Qeyd edək ki, qurulan müasir idman infrastrukturu Naxçıvanda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır. Naxçıvan Futbol Federasiyasının, ilk növbədə, ən ümdə vəzifəsi növbəti mövsümdə ölkə çempionatını bu arenada keçirmək, Naxçıvanın yığma komandasını formalaşdırmaq, ölkəmizdə keçiriləcək beynəlxalq turnirlərə ev sahibliyi etməkdir. Bununla əlaqədar olaraq federasiyanın yaxın günlərdə ölkə, eləcə də beynəlxalq qurumlarla görüş keçirəcəyi nəzərdə tutulub.
Artıq yeni qurulan çimərlik futbolu meydançası ilk turnirini keçirməyə hazırlaşır. Belə ki, avqustun 1-dən etibarən çimərlik futbolu üzrə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası çempionatı keçiriləcək.


 Ceyhun MƏMMƏDOV