Muxtar respublikada şahmatın inkişafına yaradılan şərait
bəhrəsini verməkdədir

“Şahmat taxtasında bütün dənizlərdən daha çox macəra var”, “Şahmat taxtası insan zehninin gimnastika zalıdır”, “Döyüşlər rinqdə baş verir, müharibələr isə lövhələr üzərində aparılır” – deyən filosofların fikrincə, dünyada dəqiq və sürətli hesablamaların harmoniyası hesab edilən şahmat asan göründüyü qədər də çətindir.
Hazırda 1000-dən çox müxtəlif başlanğıc gedişi mövcud olan şahmat öz mənşəyini VI əsrə məxsus qədim hind “çaturanqa” oyunundan götürüb. Bu, qədim sanskrit dilindən “dörd qoşun bölməsi” kimi tərcümə olunur, bu qoşun özündə piyada, süvarilər, fil dəstələri və cəng arabalarını (qədimdə: ikitəkərli müharibə arabası) əhatə edir. Bu oyun VII əsrdən İranda “şahranc” adı ilə tanınır. “Şahmat” sözü isə oyunun məhz farsdilli versiyasında əmələ gəlib. Oyunçular rəqibin şahına həmlə etdikdə “Şah” və “Şah mat” (fars dilində “şah öldü”) deyirlər.

İntellektual idman növü kimi şahmatın ölkəmizdə inkişafı ötən əsrin 70-ci illərinə təsadüf edir. Ulu öndər Heydər Əliyevin bu idman növünün inkişafına göstərdiyi diqqət nəticəsində Azərbaycanda şahmat məktəbləri formalaşmağa başlayıb. Naxçıvan Muxtar Respublikasında da şahmatın maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində böyük işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxışlarının birində şahmatın inkişafını xüsusi vurğulayaraq demişdir: “Uşaqların zehni inkişafında şahmatın xüsusi rolu var. Bu oyun onlara birinci olmağı, qalib gəlməyi təlqin edir. Bu, oğlanlar üçün daha çox vacibdir. Ona görə ki, onlar gələcəkdə torpaqlarımızın müdafiəçiləri olacaqlar. Şahmat gənclərdə özünəinam, liderlik keyfiyyətləri aşılayır. Odur ki, muxtar respublikada bu işə xüsusi diqqət yetirilir”.
Məktəblilərin əqli və məntiqi düşüncə qabiliyyətinin formalaşmasında xüsusi əhəmiyyəti olan şahmatın kütləviliyinin artırılmasına və bu sahənin inkişafına muxtar respublikada yüksək qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, Naxçıvan şəhərində Şahmat Mərkəzi, rayon mərkəzlərində yeni şahmat məktəbləri tikilib istifadəyə verilib, onların maddi-texniki bazası möhkəmləndirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada şahmat mərkəzi və məktəbləri 67 ən yeni müasir kompüter və 9 elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri ilə təchiz olunub. Eyni zamanda ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün siniflər ayrılıb, bu təhsil ocaqlarına, ümumilikdə, 490 ayaqlı, 500 asma və 3910 stolüstü şahmat dəsti verilib.
Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərinin I-IX siniflərində 5954 saat şahmat dərsi tədris edilir. Şahmatın tədrisi ilə 487 müəllim məşğul olur.
2019-cu il fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri təhsil işçilərinin üzərinə mühüm vəzifələr qoyaraq deyib: “Uşaq və gənclərin sağlamlığını qorumaq və möhkəmləndirmək, onlarda fiziki sağlam həyat tərzini formalaşdırmaq bütün təhsil müəssisələrinin əsas vəzifələrindəndir. Təhsil Nazirliyi böyüməkdə olan nəslin fiziki inkişafına, onların sağlamlığına qayğı ilə yanaşmalıdır”.
Ali Məclis Sədrinin şahmatın inkişafına olan diqqəti nəticəsində 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası yaradılıb və diyarımızda bu idman növünün inkişaf strategiyasının əsası qoyulub. Bundan bir il sonra Naxçıvan şəhərində gənclər arasında şahmat üzrə dünya çempionatının keçirilməsi, Mundialda ideal şəraitin yaradılması və dünyanın 36 ölkəsindən gələn şahmatçıların ən yüksək səviyyədə qəbul edilməsi uşaq, yeniyetmə və gənclərdə şahmata olan həvəsi daha da artırdı. Uğurlu təşkilatçılıq, qonaqpərvərlik, sabitlik, həm də Naxçıvanda yeni mötəbər yarışların, dünya və Avropa çempionatlarının keçirilməsinin əsasını qoydu. Bu prosesin davamlı xarakter alması təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmadı, muxtar respublikanın bütün rayonlarında şahmatın tədrisinə diqqət artırıldı.
2018-ci ilin sentyabrın 8-də Şahmat Federasiyasının seçki-hesabat konfransında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Seymur Talıbov quruma yeni sədr seçildi və bununla Naxçıvanda şahmata baxış tərzi yeni istiqamətdə dəyişməyə başladı. İlk olaraq atılan düzgün addım, seçilən inkişaf strategiyası nəticəsində uşaqlarda, xüsusilə onların valideynlərində bu idman növünə maraq daha da artdı. Şahmatçıların yarış təcrübələrini artırmaq məqsədilə şahmat məktəbləri, idarə və təşkilatlar, dövlət qurumları, müxtəlif kateqoriyalar üzrə şəhər və rayon birincilikləri ilə yanaşı, muxtar respublika ərazisində mütəmadi olaraq tempo yarışları keçirilməyə başlanıldı. Bu da yeni istedadların üzə çıxarılmasına zəmin yaratdı. Federasiyada struktur dəyişikliyindən sonra məşqçi-müəllimlərin və zəka sahiblərinin maraq və rəqabət hissini daha da artırmaq məqsədilə mükafat fondu təsis edildi. Federasiya rəhbərinin şəxsi təşəbbüsü ilə yaradılan fondun məqsədi il ərzində uğur qazanan şahmatçılara və məşqçilərə mükafatların verilməsi onlar üçün əlavə stimul oldu.


Ötən dövr ərzində ümumtəhsil müəssisələrində yaradılan şəraitdən səmərəli istifadə, təhsil müəssisələrinin bacarıqlı və bilikli müəllimlərlə təmin olunması da diqqətdə saxlanılıb, Təhsil Nazirliyi tərəfindən müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin fiziki cəhətdən sağlam böyüməsi, asudə vaxtlarının səmərəli təşkili, xüsusi istedadı olan uşaqların üzə çıxarılması məqsədilə bir sıra tədbirlər keçirilib. Bu tədbirlərdən ən əhəmiyyətlisi müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə sertifikasiya imtahanlarıdır. Belə ki, ötən müddət ərzində şahmat fənnini tədris edən müəllimlərin nəzəri və təcrübi biliklərinin yoxlanılması məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 2019-cu ilin 11-14 fevral tarixlərində keçirilən sertifikasiyada şahmatı tədris edən 401, həmin ilin 6-10 sentyabr tarixlərində keçirilən sertifikasiyada isə 86 olmaqla, ümumilikdə, uğurlu nəticə göstərən 487 müəllimin ümumtəhsil məktəblərində şahmat fənnini tədris etməsinə icazə hüququ verən sertifikat təqdim olunub.
Ötən illərdə olduğu kimi, 2019-2020-ci tədris ilində də şahmatın inkişaf etdirilməsi, bu sahə üzrə istedadlı uşaq və gənclərin aşkar edilməsi və onların qabiliyyətlərinin üzə çıxarılması məqsədilə Uşaq-Gənclər Şahmat məktəbləri tərəfindən 246 şahmat yarışı təşkil edilib, şagirdlərin şahmat avadanlıqlarından və idman obyektlərindən düzgün və mütəmadi istifadə etmələri ilə bağlı maarifləndirici tədbirlər təşkil olunub. Həmçinin təhsil müəssisələrində keçirilən şahmat yarışları ilə bu sahədə istedadlı şagirdlərin üzə çıxarılmasına nail olunub, həmin uşaqlar müvafiq şahmat dərnəklərinə cəlb edilib.
Muxtar respublikamızda şahmatın inkişafı istiqamətində yaradılan əlverişli şəraitin nəticəsidir ki, şagirdlərimiz bir sıra muxtar respublika və respublika səviyyəli yarışlarda, eləcə də 2011-ci ildən keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open” Beynəlxalq Şahmat festivallarında iştirak edib, layiq yerlər tutublar. Bundan başqa, 2019-2020-ci tədris ili ərzində keçirilən Azərbaycan birinciliyində 2 şagird II, 7 şagird III yerlərə layiq görülüb, muxtar respublika birinciliyində isə, ümumilikdə, 15 şagird qalib olub.
Şahmatın tədris keyfiyyətinin yüksəldilməsi təkcə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə məhdudlaşmayıb, eyni zamanda şahmatın tədrisi sahəsində qazanılan uğurlar, eləcə də tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan islahatlar tədris proqramına uyğun şahmata aid dərs vəsaitlərinin çap edilməsinə də zəmin yaradıb. Ümumtəhsil məktəblərinin şahmat fənninə dair dərslik, dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatlara olan ehtiyacının qarşılanmasında Şahmat Federasiyası yaxından köməklik göstərib. Ötən müddət ərzində şahmatın yüksək səviyyədə tədrisini təmin etmək üçün federasiya tərəfindən şahmatın əsaslarının şagirdlərə öyrədilməsində müəllimlərə yaxın köməkçi olan “Pillə-pillə” kitabı və şagirdlərin şahmata olan marağını və artan tələbatı nəzərə alaraq dərslik kimi nəzərdə tutulan “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabları nəşr olunaraq ümumtəhsil məktəblərinə verilib. Şahmatın sirlərindən və əsaslarından ibarət olan bu kitablar zəka oyunun tədrisində həm müəllimlər, həm də şagirdlər üçün dəyərli mənbə olmaqla, bu fənnin tədrisi səviyyəsinin yüksəldilməsinə və kütləviliyin əldə edilməsinə müsbət təsir göstərib. “Pillə-pillə” və “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabı nəinki müəllim və şagirdlərimizin, həmçinin bütün şahmatsevərlərin stolüstü kitabına çevrilib.
Hazırda şahmat məktəblərində, ümumilikdə, 250-dən artıq qrup fəaliyyət göstərir və bu qruplarda 3000-dən artıq gənc şahmatla məşğul olur. Son illərdə muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şahmat siniflərinin yaradılması, həftədə 2 saat olmaqla, şahmat dərslərinin tədrisinə başlanılması gənclərin bu idman növünə marağını xeyli artırıb. Mütəmadi olaraq Şahmat Mərkəzində müəllim və şagirdlər üçün bütün ümumtəhsil məktəblərinin və şahmat məktəblərinin qoşulduğu interaktiv dərslər keçilir.
Ümumiyyətlə, son üç ildə muxtar respublika şahmatçıları böyük uğurlar qazanaraq Naxçıvanın şahmat ənənələrini layiqincə təmsil edib və etməkdədirlər. Yaxın tarixə nəzər yetirək, 2018-ci ildə zəka sahiblərimiz Türkiyə Respublikasının Kahramanmaraş, Ordu, Ankara, Malatya və Hatay şəhərlərində keçirilən beynəlxalq turnirlərdə mübarizə apararaq böyük uğurlar qazanıblar. Həmçinin şahmatçılarımız Gürcüstan Respublikasının Poti, Batumi, Rusiyanın Moskva şəhərlərində təşkil olunan yarışlarda, eləcə də Latviyanın Riqa şəhərində keçirilən Avropa çempionatında mübarizə aparıblar. Növbəti ildə də zəka sahiblərimizin beynəlxalq arenalarda keçirilən yarışlarda iştirakı təmin edilib, onlar çıxış etdikləri yarışları qalib kimi tərk ediblər. Türkiyə Respublikasının Ankara, Sivas, Burdur, Mersin və Antalya şəhərlərində təşkil olunan turnirlərdən muxtar respublikanın zəka sahibləri Vətənə medallarla qayıdıblar. FİDE ustamız Sadiq Məmmədov isə Rumıniyada keçirilən Avropa çempionatında bürünc medal qazanmaqla bir ilkə imza atıb. Cari ildə isə məlum səbəblərə görə Şahmat Federasiyası tərəfindən onlayn yarışlar və dərslər, xüsusilə diqqət mərkəzində olub. Bütün rayonlar üzrə istedadlı şahmatçılar müəyyənləşdirilərək qruplara bölünüb və bu şagirdlərə federasiyanın müəllimləri tərəfindən mütəmadi olaraq onlayn dərslər ­keçilib.
Həmçinin Şahmat Federasiyası ənənəvi olaraq hər ilin yekununa dair tədbir keçirir, bir neçə nominasiya üzrə qaliblər müəyyənləşir, il ərzində nəticəsi olan bütün şahmatçılar və qaliblər təltif olunurlar.
20 iyul dünyada Beynəlxalq Şahmat Günü kimi qeyd olunur. Bu bayram 1966-cı ildən YUNESKO-nun rəsmi bayram günləri təqviminə salınıb. Bayramın məhz bu gün keçirilməsinin tarixi təsadüfi deyil. Belə ki, 1924-cü ilin məhz iyul ayının 20-də Fransanın paytaxtı Paris şəhərində Ümumdünya Şahmat Federasiyası (hazırkı FİDE) yaradılıb. 96-cı dəfədir, qeyd olunacaq bayram, Azərbaycan da daxil olmaqla, dünyanın 195 ölkəsində keçirilir. Əminik ki, Naxçıvanın bütün şahmatçıları muxtar respublikada idmanın, xüsusilə də şahmatın inkişafına göstərilən dövlət qayğısından, yaradılan hərtərəfli şəraitdən bəhrələnərək gələcəkdə karyeralarında uğurlar, beynəlxalq arenada qələbələr qazanmaqla diyarımızın idman nüfuzunu daha da yüksəldəcək, şahmatsevərlərimizi sevindirəcəklər.

- Ceyhun MƏMMƏDOV