Birinci divizionun 4-cü turu da “Araz-Naxçıvan” futbol komandası üçün uğurlu olub. Naxçıvan təmsilçisinin budəfəki rəqibi “Göyəzən” futbol komandası idi. Buna kimi “Turan-T” və “Şəmkir”i məğlubiyyətə uğradan qırmızı-ağlar Qazaxda yerli komandanın müqavimətini qırmaqda heç də çətinlik çəkməyiblər. Əsgər Abdullayevin yetirmələri hər iki hissədə vurduqları qollarla cari mövsümdə ilk böyük hesablı qələbələrini qazanıblar.

Qazax səfərindən öncə İmişlidə heç-heçə oyunla xal itirən “Araz-Naxçıvan” bu matçda mütləq qələbə qazanmalı idi. Liderlər cərgəsindən geri düşməmək üçün, əslində, reqlamenti qırmızı-ağlar üçün ideal hesab etmək olar.

“Göyəzən”lə qarşılaşmada Əsgər Abdullayev yenə fərqli oyun taktikası seçməklə hamını təəccübləndirdi. Düzdür, baş məşqçi müdafiəyə daha böyük önəm verirdi, di gəl ki, hücum xəttində rəqib müdafiəsinin bir qədər inamsız oyun sərgiləyəcəyini öncədən sezən Ə.Abdullayev rəqibi əks-hücumlarda tutmağı planlaşdırmışdı. Adətən, səfər oyunlarında çərçivəni Hüseyn Məhəmmədova həvalə edən baş məşqçi bu dəfə Nicat Əliyevi meydana buraxmışdı. Maraqlısı odur ki, bu görüşdə Ə.Abdullayev müdafiəni üç futbolçuya tapşırmışdı. Cavid Həsənovsuz müdafiə xəttində bu dəfə Ruslan Abıyev, Mikayıl Rəhimov və Əlimirzə Daşzərini rəqib hücumçularının qarşısını almağa çalışıblar. Yarımmüdafiəçi Elnur Soltanlı isə ilk dəfə əsas heyətdə meydana çıxmaqla qazanılan qələbədə müstəsna rol oynayıb. Yarımmüdafiə xəttində Əsgər Abdullayev yenə “E” kvartetinə (Elgün, Eşqin, Elmin, Emin) güvənməklə rəqibin hücumlarını orta xətdə qarşılamağı yetirmələrinə tapşırmışdı. Hücumun sivri ucunda isə komandaya yeni qoşulan David Canıyev qol epizodlarında nəyə qadir olduğunu nümayiş etdirmək üçün meydanda əlindən gələni əsirgəmədi.
“Göyəzən”ə gəlincə, cari mövsümdə qələbəsi olmayan və rəqib qapılarına yol tapa bilməyən Qazax təmsilçisi doğma azarkeşləri önündə “Araz-Naxçıvan” üzərində qələbə qazanıb uğursuz seriyaya son qoymaq istəyirdi. Məhz buna görə baş məşqçi Elxan Muradov 4-5-1 taktikasına üstünlük verməklə daha çox qapılarının toxunulmazlığını qorumağa çalışırdı. Onu da qeyd etmək yerinə düşər ki, “Göyəzən” birinci divizionun ən gənc komandasıdır. Belə bir komanda ilə oynamaq, təbii ki, “Araz-Naxçıvan”  üçün heç də çətin olmayacaqdı. Bunu öncədən bilən baş məşqçi Elxan Muradov yetirmələrinə qapılarından daha az qol buraxmağı tapşırmışdı.
Oyuna gəlincə, səfərdən üç xalla qayıtmaq üçün “Araz-Naxçıvan”ın qarşısına cari ildə bu qədər zəif rəqib çıxmayıb. Odur ki, Əsgər Abdullayevin “drujinası” ən azından bu matçda əlinə düşən fürsətlərdən maksimum istifadə edib top fərqini artırmaq niyyətində idi. Ötən tur Anar Niyazovdan fərqli olaraq, bu dəfə daha təcrübəli Anar Salmanovun fit çaldığı görüşə komandamız sürətli başladı. Artıq ilk dəqiqələrdən David Canıyevin uzun reydləri və qapıya zərbələri qolun daha tez vurulacağından xəbər verirdi.  Belə zərbələrin birində topu uzaqlaşdırmağa çalışan rəqib müdafiəçiləri “Araz-Naxçıvan”ın künc zərbəsi vurmasına səbəb oldu. 20-ci dəqiqədə Elnur Soltanlının asmasından sonra hamıdan yüksəyə tullanan Ruslan Abıyev hesabı açdı. Qoldan sonra daha da ruhlanan muxtar respublika klubu  2 dəqiqə sonra hesab arasındakı fərqi artırdı. Bu dəfə əsas heyətdə ilk oyununu keçirən David Canıyev forvard kimi nəyə qadir olduğunu nümayiş etdirdi. Belə ki, o, komanda yoldaşından ideal ötürmə aldıqdan sonra rəqibin cərimə meydançasına doğru irəliləməyə başladı. Rəqib müdafiəçiləri də keçən David Canıyev topu qapıçının yanından tora göndərdi – 2:0. Sanki bu qol yerli komandanı yuxudan oyatdı. Ara-sıra Naxçıvan təmsilçisinin qapıçısı Nicat Əliyevi narahat etməyə çalışan rəqib futbolçular müdafiə xəttini yarmaqda çətinlik çəkirdilər. Qırmızı-ağlar isə rəqibin bir qədər dağınıq, yöndəmsiz və təcrübəsiz oyunundan istifadə edib hücumlarının kəsərini daha da artırırdı. İlk hissədə hesab daha da böyük ola bilərdi. Ancaq Emin İmaməliyev və Elgün Abbaslının bir qədər qeyri-dəqiq oynamaları tablodakı hesabın dəyişməməsi ilə nəticələndi. Bununla yanaşı, müdafiəçilərimiz də rəqib qapıçının sayıqlığını tez-tez uzaqdan zərbələrlə yoxlayırdılar. İlk hissədə komandamızın səylərinə baxmayaraq, hesab dəyişmədi.
İkinci hissə də “Göyəzən” üçün pis başladı. İlk dəqiqələrdə olduğu kimi, topa daha çox nəzarət edən Əsgər Abdullayevin yetirmələri rəqib qapısı önündə lövbər salmağa başladılar. Topa yiyələnən kimi Qazax təmsilçisinin cərimə meydançasına şığıyan “Araz-Naxçıvan”ın futbolçuları 51-ci dəqiqədə hesab arasındakı fərqi üç topa çatdırdılar. Bu dəfə də fərqlənən David Canıyev oldu. Sağ cinahdan ötürmə alan forvard rəqibin cərimə meydançasına doğru irəlilədi. Topu qapıçının sağından tora göndərən  David Canıyev cari mövsümdə ilk dublunu rəsmiləşdirdi.
“Ev”ə bol qollu qələbə ilə qayıtmaq niyyətində olan “Araz-Naxçıvan” daha bir dəfə fərqlənməyə müvəffəq oldu. Bu dəfə də rəqib qapıçı topu künc zərbəsindən sonra tordan çıxarmaq məcburiyyətində qaldı. Emin İmam­əliyevin asmasından sonra Mikayıl Rəhimov başla dəqiq oynadı və hesabın 4:0 olmasına səbəb oldu. Artıq qələbəni tam olaraq qazandıqlarına əmin olan Əsgər Abdullayev heyətdə dəyişikliyə getməyi də unutmadı. Emin İmaməliyev və Eşqin Quliyevi meydandan çıxaran baş məşqçi oyuna Bəxtiyar Soltanov və Rəhman Musayevi saldı. Bu dəyişiklikdə sezilən o oldu ki, Ə.Abdullayev yetirmələrinə daha çox qol vurmaq tapşırığını verib. Artıq meydanda üç forvardla oynayan qırmızı-ağlar rəqib qapısını əsl top “atəşinə” tutdular. Xüsusilə Rəhman Musayev bir neçə epizodda hesabın daha böyük bitməsinə səbəb ola bilərdi. Di gəl ki, onun bir qədər qeyri-dəqiq oynaması buna maneçilik törətdi.
Bu matçı da qələbə ilə başa vuran “Araz-Naxçıvan” aktivinə daha 3 xal yazdırdı və cari mövsümdə 10-cu xalını qazandı. Hələ ki, turnir cədvəlində məğlubiyyətsiz 3 komandadan biri olan Naxçıvan təmsilçisi bu qələbədən sonra ikinci pillədəki yerini qorudu. İndi “Araz-Naxçıvan”ı 4 oyundan maksimum xal toplayan “Qaradağ Lökbatan”dan 2 xal ayırır.
Qeyd edək ki, “Araz-Naxçıvan” növbəti oyununu oktyabrın 12-də Naxçıvan Muxtar Respublika Stadionunda Yevlaxın “Karvan”  komandasına qarşı keçirəcək.

Ceyhun MƏMMƏDOV