Ötən həftə start verilmiş 2013-2014-cü ilin futbol mövsümündə keçiriləcək Naxçıvan Muxtar Respublikası çempionatında on komanda iştirak edir. Bu il çempionatın keçirilmə əsasnaməsində bir sıra dəyişikliklər edilmişdir. Belə ki, ölkə çempionatında iştirak edən “Araz” peşəkar futbol klubuna ehtiyat qüvvənin hazırlanması əsas məqsəd kimi nəzərə alınaraq, muxtar respublika çempionatının iştirakçılarına yaş həddinin tətbiq edilməsi qərara alınmışdır. Komandaların heyətində altı nəfər 18 yaşa qədər və beş nəfər 19-20 yaşlı futbolçuların iştirakına icazə verilmişdir. XII futbol çempionatının digər maraqlı cəhətlərindən biri də “Araz” peşəkar futbol klubunun eyniadlı hazırlıq qrupunun çempionatda iştirak etməsidir.
Çempionatda iştirak edən istedadlı və ümidverici futbolçularımızın il ərzində seçilməsi və bu komandanın ətrafında birləşdirilməsi də əsas məqsədlərdəndir.
Çempionatın birinci turunun oyunlarının nəticələri aşağıdakı kimidir:
    “Batabat” Şahbuz        2:1    “Kəngərli” Kəngərli
    “Dübəndi” Ordubad      0:4    “DİN FK” Naxçıvan
    “Arpaçay” Şərur           2:3    “Babək” Babək
    “Universitet” NDU        2:3    “Sədərək” Sədərək
    “Araz-2”Naxçıvan          –     “Əlincə” Culfa
“Araz-2” komandasının heyətinin tam formalaşdırılmaması səbəbindən “Araz-2”-“Əlincə” komandalarının oyununun nəticəsi Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının nizam-intizam komissiyasının qərarından sonra müəyyənləşəcəkdir.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti